“Qarabağ”ın bəxti nədə gətirib?

Vüsal “Aydın” Qəmbərov

Futbol haqda söhbətləşməyi sevdiyim bir dostum var. İllər əvvəl “Qarabağ”ın püşkünü müzakirə edərkən dedi ki, “püşkdə bəxtin gətirməkdənsə, oyunda bəxtin gətirsin”. Çox xoşuma gəldi o söz. Və ondan sonra məsələyə o perspektivdən baxanda gördüm ki, çox doğru ifadədir.

“Qarabağ”ın bu mövsümdəki Çempionlar Liqası yürüşü isə tam bu ifadənin sübutu kimi oldu.

Bir-iki gün əvvəl nəhayət, axtardığım statistika qarşıma çıxdı və “elmi araşdırmaçı damarım” yatmağa qoymadı. Götürdüm cədvəlləri, başladım analitik hesablamalar etməyə və gördüm ki, “Qarabağ”ın bir mənada bəxti həqiqətən gətirib: Rəqibləri performans gözləntilərinin aşağısında çıxış edir. Hətta deyərdim ki, Bilbaoda “Atletik”in bəxti gətiribmiş. Bilirsiz yəqin ki, o 3 xal baskların yeganə xallarıdır.

Gələk mövzuya.

Bunu müxtəlif cədvəllərlə izah etməyə məcbur qalacam.

Əvvəla, başlayaq əsas cədvəldən. Aşağıda siz Çempionlar Liqası iştirakçılarının rəqiblərinin yığdığı xallar, vurduğu qollar və top fərqinə görə sıralamasını görürsüz. İlk xanada isə hazırda tunir cədvəlindəki yerləri göstərilib – 4 turdan sonra.
Burada yenə də formatla bağlı məlumatsız olanlar üçün bir haşiyə daxil edim. Bildiyiniz kimi, 36 komandanın hər birinə 8 rəqib elektronik sistemlə təyin olunur (buna püşk demək də çətindir) və belə olanda, hər klub fərqli 8 komanda ilə oynayır. Qrup turniri yerinə bir növ yarımçıq liqa turniri keçirilir.

Bəli, bu günə qədər keçirilən 4 turda ən az xalı məhz “Qarabağ”a püşkdə çıxmış 8 klub yığıb. “Qarabağ”ın rəqibləri nəinki yığılan xal və vurulan qol, top fərqində də ən pis performansa sahibdir. Burada 0 xallı “Benfika” və “Ayaks”ın payı təbii ki, böyükdür. Top fərqindəki uçurum ümumiyyətlə, nəhəngdir. Cədvəlin yuxarısında Belçika çempionu “Yunion” var ki, onlara düşən 8 rəqib ilk 4 turda cəmdə 63 xal yığıb. Az qala ortalama 8 xal.

İndi aşağıya “Qarabağ” və “Yunion”un rəqiblərinin hazırkı durumunu da qoyacam, fərq aşkar görünəcək.

İndi bu cədvəlin bizə nələr dediyinə baxaq.

Əvvəla, başa düşmək lazımdır ki, rəqiblərin az xal yığmış olması hələ klubun “partlatdığı” mənasına gəlmir. “Yuventus” və “Vilyarreal” özləri yaxşı vəziyətdə olmasa da, rəqibləri də çox uğurlu çıxış etmir. Və ya, 1\8 final zonasında olan PSJ, “Liverpul” və “Bayern”ə baxanda görürük, rəqiblərin də yaxşı xal yığmağı sizin uğursuz olmalı olduğunuz anlamına gəlmir. “Qəti təsiri yoxdur” demirəm. Rəqiblərinin performansı ən yaxşı olan 6 klubun turnir cədvəlindəki ortalama yeri 21 ikən, rəqiblərinin performansı ən pis olan 6 klubun yeri 12-cidir. Bu, özlüyündə çox şeyi deyir.

Mən bu iki cədvəldə diqqəti adların böyüklüyü arasında elə də uçurum olmamasına çəkmək istəyirəm. Götürək 4-cü torbanı ki, oradan bizə “Atletik” və “Kopenhagen” gəldi, “Yunion”a isə “Nyukasl” və “Qalatasaray”. Belə baxanda, eyni gücdə və ranqdakı klublardır, amma hazırkı mövsümdə ciddi performans fərqləri var.

Nəzərdə tutduğum elə budur ki, əslində, püşkdə bəxtimizin çox gətirdiyini demək olmazdı ki, rəqiblərin performans durumu yaxşı olmadığı üçün “Qarabağ”ın o anlamda şanslı olduğunu deyə bilərik.

Bu rəqəmləri bir də ELO reytinqi ilə tutuşdurdum və o cədvəl də dediklərimin sübutu oldu. 8 rəqibinin ELO reytinqinə görə püşkün ən bəxtsizləri bunlar idi: PSJ, PSV, “Union”, “Nyukasl”. “Yunion” 63 xal, PSJ 58 xal ilə 3-cü… Bəs sonra? PSV-nin rəqibləri 10-luqda deyil, “Nyukasl”ın rəqibləri isə… 31-ci yerdə (!). Cəmi 35 xal yığıblar ki, bu, ortalamada heç 4,5 belə etmir. Yəni, “Nyukasl”ın rəqiblərinin orta göstəricisi pley-offun dibi xəttidir.
Bu anlamda ingilislərin də bəxti gətirib.

Rəqiblərin ELO reytinqi baxımından püşkdə ən çox bəxti gətirənlərə baxaq: “Olimpiakos”, “Arsenal”, “Kopenhagen” və “Pafos”. Bunlardan sadəcə “Pafos”un rəqibləri öz reytinqinə uyğun zəif performans göstərib. Qalanı ən pis 10-luqda, yuxarıda qərarlaşıb. Yəni, yunanların, londonluların və danimarkalıların püşkdə bəxti gətirsə də, oyunda gətirməyib.

Bu anlamda “Qarabağ” püşkün bəxtsizlərindən idi ki, rəqiblərin ELO reytinqinə görə 12-ci idi. Amma ad və heyət dəyərinin yox, insanların futbol oynadığını “Qarabağ”ın rəqiblərinin nəticələrində görmək olur. Bunu xüsusilə, “Qarabağ”ın özünün nəticələrində görə bilirik.

Sonda bunu da əlavə edim ki, növbəti üç oyundakı rəqiblərimizin hamısı yaxşı vəziyyətdə deyillər. “Ayaks” o həddə pis vəziyətdədir ki, çempionatda 4-cüdür və liderdən artıq 11 xal geridədir. “Napoli” heyət və davamlılıq problemi yaşayır. “Ayntraxt” “Qalatasaray” üzərində möhtəşəm 5:1-lik qələbədən sonra özünə gələ bilmir və Bundesliqada da ÇL zonasından kənardadır. “Liverpul”un uğursuzluq zolağından da danışacaqdım ki… Növbəti oyunlarda uğurlar “Qarabağ”! Rəqiblərinə isə uğursuzluqlar!

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button