“Futbolçularımın hamısı məni təəccübləndirdi” – “Düdelanj”ın məşqçisi
“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan Lüksemburqun “Düdelanj” klubunun məşqçisi Bertrand Krasson səfərdə APOEL-i 4:3 hesabı ilə məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, 47 yaşlı mütəxəssis, karyerasının ən gözəl gününü yaşadığını bildirib:
“Böyük oyun keçirdik. Hesabda geri düşdükdən sonra ruhdan düşmədik. Futbolçularımın hamısı məni təəccübləndirdi. Hesab 2:3 olduqdan sonra lap inanılmaz oldular. Belə bir rəqibə dörd qol vurmaq hər şeyi deyir. Çox xoşbəxtik.
Qrupdakı şanslar? Oyundan oyuna görəcəyik. Bu zəfər bizə çox yardım edəcək. Bu axşam karyeramın ən gözəl anlarından biridir. Hər andan yararlanmalıyıq. Kağız üzərində favorit göstərilmirik, üzərimizdə basqı azdır. Rahat oynayırıq.
Avropa Liqasının qrup mərhələsi hər bir futbolçuya hədiyyədir. Qrupda qalib gələn ilk Lüksemburq komandası olduq. “Sevilya”, “Qarabağ” və APOEL çempionatlarında hökmranlıq edən klublardır. Bu komandalara hörmətlə yanaşırıq, ancaq məğlubiyyəti qəbul etmirik. Hamıya “silahlarımız”la cavab verəcəyik”.
Bizi Facebook-da izləyin