“Qarabağ”ın 47 yaşlı rekordçu rəqibi
“Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Cəbəllütariq “Linkoln”u 1976-cı ildə yaradılıb.
Komanda.az xəbər verr ki, “cırtdan” ölkə təmsilçisi İngiltərənin “Linkoln Siti” klubunun şərəfinə bu cür adlandırılıb.
Ləqəbi “qırmızı iblislər” olan komanda ev oyunlarını 5 000 tamaşaçı tutumuna malik “Viktoriya” stadionunda keçirir.
1981/1982 mövsümündən yüksək liqada çıxış edən “Linkoln” 27 dəfə Cəbəllütariq çempionu olub və bu göstəricidə ölkə rekordçusudur.
“Linkoln” 2003-2016-cı illərdə – ardıcıl 14 dəfə öz ölkəsinin çempionu olub. 2016/17 mövsümündə isə dünya rekordunun bir addımlığında olub (rekord Vanuatunun “Tafea” klubuna məxsusdur). Amma sonuncudan əvvəlki turda xal itirib və titulu, beləliklə həm də dünya rekordçusu olmaq imkanını əldən verib.
Klub UEFA reytinqində 197-ci pillədədir.
“Linkoln”un prezidenti Dilan Viaqasdır. Kollektivə ispaniyalı mütəxəssis Xavi Munyos rəhbərlik edir. Komandanın kapitanı isə Roy Çipolinadır.
Qeyd edək ki, “Linkoln” Azərbaycan klublarının avrokuboklarda üz-üzə gələcəyi ilk Cəbəllütariq təmsilçidir.
“Qarabağ”ın rəqibinin avrokuboklarda ən böyük uğuru 2021/2022 mövsümünə təsadüf edib. Mübarizəyə ÇL-də başlayan “qırmızı iblislər” “Fola”nı (Lüksemburq) mübarizədən kənarlaşdırıblar (5:0, 2:2). İkinci mərhələdə ÇFR (Rumıniya) səddində ilişən (1:2, 0:2) “cırtdanlar” Avropa Liqasında Slovakiya “Slovan”ına müqavimət göstərsə də (1:3, 1:1), Konfrans Liqasına düşüb. Yarışın pley-offunda Latviya “Riqa”sını evdə keçirdiyi ikinci oyuna əlavə olunmuş vaxtda (1:1, 3:1) üstələyən “Linkoln” qrupa yüksəlib. Ancaq “Kopenhagen” (Danimarka), PAOK (Yunanıstan) və AL-in 3-cü qrupunda qarşılaşdığı “Slovan”la eyni qrupa düşən “qırmızı iblislər” möcüzənin davamını gətirə bilməyərək bütün görüşlərdə uduzublar.
Qeyd edək ki, “Qarabağ”la “Linkoln” arasında ilk görüş 5-6 iyulda, cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək.
Bizi Facebook-da izləyin