
“Qarabağ”ı səfərdə daha təhlükəli hesab edirəm” – Sabiq futbolçu
“Qarabağ”ın sabiq futbolçusu Miçel Madeyra bu gün “Atletik”lə keçiriləcək oyun haqda danışıb.
Komanda.az xəbər verir ki, Azərbaycan çempionunun sabiq futbolçusu “Ondavasca” nəşrinə açıqlamasında UEFA Çempionlar Liqasının “Atletik” – “Qarabağ” oyunundan əvvəl fikirlərini bölüşüb. O, “Qarabağ”da beş il çıxış etdiyini xatırladıb:
“Orada gözəl illərim olub. Mən klubu, Bakı və Azərbaycanı ikinci vətənim hesab edirəm. Bu, çox çalışqan insanların olduğu gözəl klubdur. Heç vaxt bu yer haqqında pis şey deyə bilmərəm. Ölkə inkişaf edib, xüsusən də, Bakıda maraqlı işlər görülüb”.
Miçel “köhlən atlar”ın klub olaraq inkişaf etdiyini vurğulayıb:
“Onlar yaxşı transferlər edirlər. Qurban Qurbanov çalışdığım ən yaxşı baş məşqçilərdən biridir. Ondan çox şey öyrənmişəm”.
Sabiq yarımmüdafiəçi “Qarabağ”ın 1-ci turda Portuqaliyada “Benfika”ya qalib gəldiyini (3:2) yada salıb:
“Komandanın müdafiədən hücuma keçidi çox sürətlidir və bacarıqlı futbolçuları var. Onlardan biri də Abdullah Zubirdir. “Qarabağ”ı səfərdə daha təhlükəli hesab edirəm. Xüsusən də, Portuqaliyada “Benfika” ilə oyunda 0:2 hesabı ilə geri düşsələr də, geridönüş edə bildilər”.
Bu gün “San Mames” stadionunda keçiriləcək “Atletik” – “Qarabağ” oyunu saat 20:45-də start götürəcək.
Bizi Facebook-da izləyin



