“Qarabağ”ı məğlub edib, çempion oldular
Bu gün Binə stadionunda U-12 Liqasının final oyunu keçirilib.
Komanda.az xəbər verir ki, “Qarabağ” ilə qarşılaşan “Neftçi” 3:2 hesabı ilə qələbə qazanıb. Üçüncü yeri isə “Qəbələ” tutub.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev, Texniki direktor Bernhard Lippert, futbol veteranı Rüstəm Rəhimov, Uşaq və Gənclər liqaları üzrə Yarışların təşkili şöbəsinin rəhbəri Yusif Vəliyev təqdim ediblər.
Şəmkirin “Qala” komandasının hücumçusu Nihad Kazımov (40 qol) liqanın bombardiri olub. Liqanın ən yaxşı oyunçusu “Qarabağ”da çıxış edən Şahin İbrahimov, ən yaxşı qapıçısı Eldar Babayev (“Neftçi”) seçilib. Feyr-pley mükafatına isə “Qarabağ”ın üzvü Əli Qazıbəyov layiq görülüb. Final oyununu idarə edən hakimlərə diplomlar təqdim edilib.
Liqanı üçüncü pillədə başa vurmuş “Qəbələ”, ikinci yeri tutmuş “Qarabağ” və turnirin qalibi “Neftçi” müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif edilib. Sonda “Neftçi” komandasına kubok təqdim olunub.
Bizi Facebook-da izləyin