“Qarabağ”ı keçə bilməsək, azarkeşlərimiz bunu çox pis qarşılayacaq”
Fransanın “Marsel” komandasının futbolçusu Bubakar Kamara Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab oyunundan öncə mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, o, sabah keçiriləcək matçla bağlı jurnalistlərin suallarını cavablandırıb:
- Son oyundan sonra komanda özünü necə hiss edir?
- Problemimiz yoxdur. Oyundan sonra da çalışmalar davam edir. Öz aramızda məğlubiyyəti danışmışıq. Çalışacağıq ki, sabahkı oyunda ən yaxşısını edək.
- Udsanız da, uduzsanız da hər dəfə “Marsel” azarkeşləri sizi tənqid edir. Sizdən daha yaxşı oyun tələb edirlər…
- Bilirsiz ki, hər dəfə uduzanda “Marsel” azarkeşləri buna reaksiya verirlər. Biz də çalışırıq ki, özümüzü daha yaxşı tərəfdən göstərək. Öz azarkeşlərimizin gözündə hörmətimizi saxlamaq istəyirik.
- Bundan əvvəlki oyunlarda uduzanda təəssürat yaranırdı ki, futbolçulara psixoloji təsir edir…
- Əlbəttə ki, uduzandan sonra məyus oluruq. Amma biz öz aramızda toplanıb, bir-birimizlə danışırıq. Hamı bir-birinə dəstək olur. “Qarabağ”la oyun üçün hər birimiz tapşırıqlarımızı almışıq. Daha yaxşı oyun göstərib, qalib gəlmək istəyirik.
- Əvvəlki oyunlarda buraxdığınız səhvlərə görə qorxmursuz ki, yenidən uduzarsınız?
- Səhvlər olur. Hər birimiz öz səhvlərimizi biləndən sonra yeni səhifə açırıq. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşırıq və hər dəfə qələbəyə ümid edirik.
- Hər oyundan əvvəl məşqçi oyunçuların mövqeyini dəyişəndən sonra bu sizi yorur?
- Xeyr. Biz peşəkar futbolçularıq. Bilirik ki, hansısa oyunda məşqçi mövqelərimizi dəyişib, başqa tapşırıqlar verə bilər. Biz buna uyğunlaşıb, Xorxe Sampaolinin tapşırıqlarını yerinə yetirməliyik.
- Sabah komanda uduzub turniri tərk edərsə, azarkeşlər bunu necə qarşılayacaq?
- Uduzacağıqsa, azarkeşlərimiz bunu çox pis qarşılayacaq. Amma biz indi bunu düşünmürük və oyuna hazırlaşırıq. Ümid edirik ki, mərhələni keçəcəyik və hər şey həm onlar, həm də bizim üçün yaxşı sona çatacaq.
Məhəmməd
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin