“Qarabağ”dan qorxmuruq” – “Gent”in baş məşqçisi
Belçikanın “Gent” komandasının baş məşqçisi Heyn Vanhazebruk Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, 58 yaşlı belçikalı mütəxəssis bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
“Qarabağ” çox yaxşı komandadır. UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış ediblər. Bu mövsüm pley-offadək irəliləmişdilər. Məncə, Belçika komandaları bu klubdan Çempionlar Liqasına görə örnək götürməlidirlər. Son avrokubok oyunlarını Avropanın öndə gedən futbol ölkələrinin komandalarına qarşı keçiriblər. “Qarabağ”ın Avropa Liqasında Almaniya “Frayburq”u ilə matçını izləmişəm. “Qarabağ” həmin oyunda daha üstün idi. Bu komandada məşqçi işi dərhal hiss olunur.
30 min azarkeşin önündə çıxış edəcəyik. Bu, bizi həyəcanlandırır. Çətin matç olacaq. Çünki bir neçə önəmli futbolçumuzun xidmətindən yararlana bilməyəcəyik.
Bizim üçün qalibiyyət çox yaxşı nəticə olardı. Amma heç-heçəni də yaxşı nəticə hesab etmək olar. Hətta az top fərqi ilə məğlubiyyət də problem olmaz. Çünki cavab oyunu Belçikada baş tutacaq. Azarkeşlərimizin qarşısında qələbəni rəsmiləşdirə bilərik. Lakin onu da deməliyəm ki, rəqib həm evdə, həm də səfərdə yaxşı oyun sərgiləyir. “Qarabağ” “Olimpiakos” kimi komandanı səfərdə 3:0 məğlub etmiş komandadır”.
Vanhazebruk beş saatlıq uçuşun kollektivə təsir etmədiyini vurğulayıb: “Rəqib də eyni yolu qət edəcək. Belə bəhanələrin arxasında gizlənmək lazım deyil. “Qarabağ”a “Qafqazın “Barselona”sı deyildiyini bilmirdim. Amma meydanda çox yaxşı oyun göstərirlər. Hər il avrokuboklarda mübarizə aparırlar. “Qarabağ”dan qorxmuruq. Amma onlara hörmət edirik. Qorxmaq lazım deyil”.
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” matçına saat 21:45-də start veriləcək.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin