“Qarabağ”dan nəticə tələb etmək doğru olmaz” – Müsahibə

Bir müddət sonra Azərbaycan futbolu “qış yuxusu”ndan ayılacaq, Premyer Liqa qaldığı yerdən davam edəcək, “Qarabağ” Konfrans Liqasında pley-off matçlarına çıxacaq, milli komanda da növbəti oyunlarını keçirəcək. İndi isə hələ ki, sakitlikdir. “Neftçi” klubunun keçmiş vitse-prezidenti Tahir Süleymanovla bütün bu məsələlər barədə danışdıq – Premyer Liqa klublarının hazırlığı, milli komanda, “Qarabağ”ın “Marsel”lə gözlənilən oyunları.

  • Artıq Azərbaycan çempionatında qış fasiləsi bitir. Komandaların yoxlama oyunlarına nəzər salmısızmı?
  • Yaydan fərqli olaraq, qış hazırlıq dönəminin öz tələbləri var. Vaxt az olur: qısa müddətdə hazırlıqla yanaşı, komandalarda əsas, optimal heyətin qorunub-saxlanılması, zədəli futbolçuların sağalması, sıraya dönməsi, istirahətdən sonra futbolçuların fiziki durumlarının bərpası, ilk yarıda görünən boşluqların yerinin doldurulması, az sayda transferlər, taktiki-texniki çalışmalar. Yoxlama oyunları müxtəlif mərhələlərdə hazırlığın tərkib hissəsidir və nəticə son dərəcə önəm daşımır. Təlim-məşq toplanışının hansı komandalar üçün faydalı keçdiyini çempionatın davamı göstərəcək.
  • “Qarabağ” ən yaxın izləyicisi “Qəbələ”ni 7 xal qabaqlayır. “Qarabağ”ın artıq çempionluğun taleyini həll etdiyini deyə bilərik?
  • “Qəbələ”nin indiki durumda nəinki çempionluq, heç ikincilik iddiası yoxdur. Mövsümdən öncə qəbələlilərin fasiləyə üçüncü yerdə gedən rəqibindən 4 xal öndə yollanmasına heç kim inanmazdı. Elmar Baxşıyev minimal imkanlarla çox yaxşı işlər görür və ikinci yarı baş məşqçi kimi özünü təsdiq etmə zamanı olacaq. Şansını dəyərləndirməlidir. “Qarabağ”a gəlincə, çempionluq yolunda 7 yox, əsas rəqibini 11 xal üstələyir. Çox böyük xal fərqidir. 11 xal 3 məğlubiyyət, 2 heç-heçə limiti deməkdir, yuxarı-aşağı bir dövrəlik oyun sayı edir. Rəqiblərin durumuna uyğun ilk sıra möhkəm görünür. İndiki vəziyyətdə “Qarabağ” özü-özünü birinci yerdən edə bilər ancaq.
  • “Neftçi” transfer pəncərəsi dövründə bir neçə legioneri ilə yollarını ayırdı. Bakılılarda hər transfer dönəmində demək olar ki, eyni hal yaşanır. 6 ay, 3 ay əvvəl gələnlər göndərilir. Bu problemin səbəbi nədir?
  • “Neftçi” uzun illərdən sonra çempionluğu qazanmaqla əla fürsət yaxalamışdı. Legioner futbolçuların bir çoxunun müqavilələri bitmişdi, komandanın onurğa sütununu saxlamaq şərtiylə ehtiyac duyulan mövqelər gücləndirilməli idi. Klub şansını əldən verdi, komanda eyforiyadan ayıla bilmədi. Transferlər gecikdi, yerli futbolçu qıtlığı yaşandı, avrokuboklar bitdikdən sonra kütləvi olaraq əcnəbi futbolçular gətirildi. İndi də yenidən yeni gələnlər göndərilir, daha yeniləri gətirilir. Bunlar futbol adına klub strategiyasının düzgün qurulmadığının nəticəsidir. Qışda heyət dəyişməzlər. Bir-iki futbolçu da gətirilsə, bu, ilk 11-liyin yarısı deməkdir. Qapıçı mövqeyi bəllidir, zədələr var. Üç-dörd ay öncə alınan legionerlərin yola salınması ilə klub özü-özünü “döyür”. İstənilən halda, komanda toparlanmalıdır, əks halda, “Zirə”, “Qəbələ”, “Sabah”la avrokubok uğrunda mübarizə aparılacaq. Çempionluq böyük ölçüdə əldən getmək üzrədir, belədə, kubokun qazanılması şərtdir. “Neftçi” kimi tarixi klub üçün ikinci, üçüncü pillə nəticə sayıla bilməz.
  • Azərbaycan yığmasında baş məşqçi Canni De Byazi ilə müqavilə yeniləndi. Buna münasibətiniz necədir, düzgün addım idi?
  • Dəfələrlə bildirmişəm, Azərbaycan futbolunun dərdi millinin baş məşqçi təyinatı problemi deyil. Torresin dönəmindən artıq 20 ilə yaxındır yığmanın baş məşqçi müzakirələri aparılır, biri gedir, digəri gətirilir. Bu proses daha neçə il davam etməlidir? Təəssüf ki, şəxsi istəklər ümumi futbol maraqlarını üstələyir. Belə durum azarkeşləri bezdirir, futboldan küsdürür, biganəlik yaradır. Futbola yanaşma tərzi dəyişməyincə, belə də davam edəcək. Əsas faktorlardan biri də, futbolda birliyin olmamasıdır. Bu amil, yanlış futbol ideologiyası, mübarizə metodları De Byazinin müqaviləsinin uzadılmasını şərtləndirdi, asanlaşdırdı. Düzgün addım – ümumi futbol problemlərinin müzakirəsi, həll edilməsidir.
  • “Qarabağ”ın Konfrans Liqasında “Marsel” qarşısında şanslarını necə dəyərləndirirsiz?
  • “Marsel”i təqdim etməyə ehtiyac yoxdur, Avropanın top-klublarından biridir. Rəqibin gücü bəllidir, üstəgəl “Qarabağ” zaman olaraq oyun praktikasından, optimal formasından uzaq olacaq. Komanda çempionatın davamı ilə yanaşı, hazırlıq prosesini bu oyunlar üçün qurubsa, imkan daxilində fransızlarla qarşılaşmalara yaxşı forma yığmağa hesablayıbsa, “Qarabağ” daxili yarışlarda müəyyən çətinliklərlə üzləşə bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan futbolunda ilk dəfə olaraq qış fasiləsindən sonra avrokubok matçlarına çıxılacaq. Yarış baxımından bu mərhələdə təcrübəsizlik var. Rəqibə uyğun olaraq, “Qarabağ”dan nəticə tələb etmək doğru olmaz. Matçlara sərbəst, stressiz çıxılmalı, Azərbaycan futbolu adına layiqli mübarizə aparılmalıdır. Nəticənin necə olacağını zaman göstərəcək.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button