“Qarabağ”dan elə danışırlar, elə bil sosialist öhdəliyi götürüb ki, Avropa çempionu olacaq!”

Milli Məclisin deputatı Aqil Abbas “Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü turunun oyununda “Atletik”ə (Bilbao) uduzması barədə fikirlərə münasibət bildirib.

Komanda.az xəbər verir ki, Aqil Abbas “Qarabağ”dan narazı olanları tənqid edib:

“Sovet hökuməti vaxtı bütün sahələr üzrə, xüsusilə də, pambıq yığımında bir sosialist öhdəliyi vardı, təkcə futboldan başqa. Yəni neftçilər öhdəlik götürürdü, amma “Neftçi” komandası yox. 

Pambıq yığımında da ən böyük öhdəlik Bərdə rayonunda idi. Plan 100 min ton, sosialist öhdəliyi 120 min ton. 

Rüstəm Səfərəliyev Bərdənin katibi olarkən bu öhdəliyi yerinə yetirmişdi, dövlətə 120 min ton pambıq vermişdi. İclasda Rüstəm dayıya söz atmışdılar ki, “pripiska” eləmisən. O da hirslənib demişdi:

– Yaxşı, deyək ki, bunun iyirmi min tonunu “pripiska” eləmişəm, yüz min ton ki vermişəm. 

İndi “Qarabağ”dan elə danışırlar, elə bil sosialist öhdəliyi götürüb ki, Avropa çempionu olacaq! “Qarabağ” belə bir öhdəlik götürməyib. Əsas öhdəliyi yerinə yetirib – Çempionlar Liqasına düşüb və Avropanın iki məşhur klubunu da məğlub edib. Amma biz buna sevinmirik, bunu görmürük. 

Klub son oyunda “Atletik”ə uduzdu. Dostlar, “Atletik”lə oynayırdı ey, “Səbail” komandasıyla yox. 

Bu futboldur, udmaq da var, uduzmaq da. “Qarabağ” da nəinki gücü çatan qədər, gücündən də artıq oynadı. Belə demək mümkünsə, başından hündürə hoppandı.

Hələ qarşıda beş oyun var. İnşallah, “Qarabağ” “Qarabağ” olduğunu sübut edəcək. Uzun illərdir həm Avropada, həm də dünyada “Qarabağ”ı tanıdan Qurban Qurbanov hələ son sözünü deməyib. 

Komanda uduzanda yanında olmaq lazımdı ey, udanda nənəm də komandanın yanında olur. 

Başını dik tut, Xocam! Başını dik tut “Qarabağ”! Biz səninləyik! Qələbən də bizimdir, məğlubiyyətin də. Sosial şəbəkələrdə yazılanlara da fikir verməyin. 

Amma maşallah, ölkəmizdə nə qədər futbol bilicisi, ağzıgöyçəklər varmış”.

Dünən keçirilən oyunda “Qarabağ” səfərdə “Atletik”ə 1:3 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button