16 sentyabr mesajı – “Qarabağ” hara kimi gedə bilər?

Lissabon gecəsi Azərbaycan futbolu üçün unudulmaz oldu. “Qarabağ” Lissabonda “Benfika”ya qarşı keçirdiyi matçda 3:2 hesablı qələbə qazanaraq, Azərbaycanın adını bir daha Avropa səhnəsinə yazdırdı. Komanda 0:2 geri düşdüyü oyunda möhtəşəm geridönüş edərək “Estadio da Lus”u sükuta qərq etdi. Oyunçular oyundan qopmadılar, sona kimi vuruşub, 3 xalı hesablarına yazdılar. Bu nəticə portuqaliyalı azarkeşlər üçün bir növ “soyuq duş” effekti verdi.

Bu qələbə ÇL-də 2017/18 mövsümündə qrup mərhələsində debüt edən, bu il isə yeni sistemlə keçirilən ümumi mərhələyə vəsiqə qazanan “köhlən atlar”ın ilk böyük zəfəri kimi tarixə düşdü.

* Ötən ildən tətbiq olunan yeni formata əsasən, turnir İsveçrə sistemi əsasında keçirilir. İlk 8 yeri tutan komanda ÇL-in 1/8 finalına birbaşa vəsiqə qazanacaq. Digər 8 vəsiqə uğrunda 9-24-cü yerləri tutan komandalar pley-off formatında mübarizə aparacaq. “İştah diş altındadır” deyirlər. “Qarabağ”ın “Benfika”nı məğlub etməsindən sonra adamda istər-istəməz bir ümid yaranır ki, “köhlən atlar” Çempionlar Liqasında pley-off mərhələsinə kimi də gedə bilər. Sonda 24 komandanın arasında görünmək niyə də olmasın? “Benfika” kimi köklü, güclü komanda məğlub edilib, hesabda da artıq 3 xal var…

* “Qarabağ” Çempionlar Liqasına yollanmazdan əvvəl ciddi tənqid hədəfinə çevrilmişdi. Azarkeşlər və futbol ictimaiyyəti komandanın yay transfer pəncərəsində aktiv olmayan fəaliyyətini, əsasən, hücumçu mövqeyinə futbolçu almamasını, heyəti ÇL səviyyəsi üçün gücləndirməməsini qınayırdılar. Avropada böyük klublarla üz-üzə gələcək bir komandanın əlavə gücə ehtiyacı olduğu düşünülürdü. Ancaq “Qarabağ” bir daha sübut etdi ki, pul hər şey deyil. Qurban Qurbanovun illərlə qurduğu sistem, komandanın oyun intizamı və futbolçuların bir-birinə uyğunlaşması bəzən milyonlarla avroluq transferlərdən daha effektlidir. Komanda oyunu, fədakarlıq və inam – məhz bunlar Lissabonda qələbənin açarı oldu. “Benfika” kimi köklü və zəngin tarixə malik bir komandanın doğma meydanda uduzması “sensasiyanın böyüyü” kimi qiymətləndirildi. Portuqaliyalı azarkeşlər üçün bu nəticə acı oldu, klub rəhbərliyi isə dərhal sərt addım atdı və baş məşqçi Bruno Laje ilə yollarını ayırdı. Artıq avropalılar da “Qarabağ”ı yalnız “sürprizlər edən komanda” kimi yox, daha ciddi rəqib kimi dəyərləndirməyə başlayıb.

* “Qarabağ”ın uğurunda ən böyük pay şübhəsiz ki, baş məşqçi Qurban Qurbanova məxsusdur. İllərdir komandanın “sükanı arxasında” olan təcrübəli mütəxəssis futbolçuların gücünü, potensialını maksimum dərəcədə üzə çıxarmağı bacarır. Ağdam təmsilçisi maliyyə baxımından Avropanın top-klubları ilə ayaqlaşa bilməsə də, komanda ruhu və sistemli işi ilə göz, könül oxşamağı bacarır.

* Əlbəttə, bir oyunun nəticəsi ilə böyük xəyallara qapılmaq düzgün olmaz. Qarşıda “Çelsi”, “Liverpul” kimi güclü rəqiblər, turnirin digər nəhəngləri var. Amma bu qələbə “Qarabağ” azarkeşlərinə inanılmaz motivasiya, oyunçulara isə öz güclərinə inam bəxş etdi. İndi komanda üçün əsas məsələ ardıcıllığı qorumaq, böyük arenada hər oyunda öz sözünü deməkdir. “Köhlən atlar” bu səviyyəni saxlaya bilsə, Azərbaycan futbolu tarixində yeni səhifə yazılacaq.

* Lissabonda qazanılan bu möhtəşəm qələbə təkcə üç xal deyil. Bu, Azərbaycan futbolunun Avropaya verdiyi mesajdır: Biz də buradayıq, bizimlə hesablaşmaq lazımdır.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button