Qarabağdakı vəziyyət “Qarabağ”a təsir edəcək? – Açıqlama

Artıq bir həftədən çoxdur ki, cəbhə bölgəsində şiddətli döyüşlər davam edir. Ermənistan silahlıları və Azərbaycan ordusu arasında baş verən döyüşlərin təsiri hər bir sahəyə yansıyır. Həm də, ona görə ki, düşmən təkcə cəbhə bölgəsində deyil, döyüşlərin getmədiyi digər şəhər və rayonlara da artilleriya zərbələri endirir. Bu səbəblə futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında Kiprlə Bakıda keçirməli olduğu oyunun da yeri dəyişdirilib. Görüş Albaniyada təşkil olunacaq.

Bu vəziyyətdə bir sual da ölkəmizi UEFA Avropa Liqasının qrup mərhələsində təmsil edəcək “Qarabağ”ın oyunları ilə bağlı yaranır. Görəsən, cəbhədəki vəziyyət Ağdam təmsilçisinin ev oyunlarına təsir edəcəkmi? Ümumiyyətlə, klubda bu barədə nə düşünürlər?

Bu suallara cavab tapmaq üçün “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. Klub rəsmisi Komanda.az-a açıqlamasında, hələ ki, belə bir müzakirənin olmadığını bildirdi:

“Hazırda belə bir məsələni müzakirə etmirik. Qrup oyunları üçün Tofiq Bəhramov adına Respublika stadionunu sifariş vermişik, UEFA da bunu təsdiqləyib. Oyunların yerinin mümkün dəyişdirilməsi ilə bağlı hansısa fikrimiz olmadığı üçün bu haqda danışmağa dəyməz. Biz oyunlarımıza Tofiq Bəhramov adına Respublika stadionunda keçirməyə uyğun hazırlaşırıq”.

“Qarabağ” turnirin qrup mərhələsində İsrailin “Makkabi”, İspaniyanın “Vilyarreal” və Türkiyənin “Sivasspor” klubları ilə mübarizə aparacaq. “Köhlən atlar” Avropa Liqasında ilk ev oyununu oktyabrın 29-da “Vilyarreal”a qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button