“Qarabağ”da şok itki
Mövsümün ikinci hissəsinə Antalyada hazırlaşan “Qarabağ”ın düşərgəsindən gözlənilməz xəbər var.
Komanda.az xəbər verir ki, Ağdam təmsilçisinin əsas üzvlərindən biri olan Abbas Hüseynov sıradan çıxıb.
Sağ cinah müdafiəçisi “köhlən atlar”ın məşqlərindən birində ağır xəsarət alıb. İlkin müayinədən sonra 27 yaşlı futbolçunun arxa xaçvari diz bağlarında problem olduğu müəyyən edilib. Onun mövsümü başa vurmaq və daha uzun müddət yaşıl meydanlardan kənar qalma ehtimalı var. Futbolçunun əməliyyat olunub-olunmayacağı ilə bağlı yekun qərar bir neçə müayinədən sonra veriləcək.
Xatırladaq ki, Abbas Hüseynov 2017-ci ilin yayında sabiq “İnter” klubundan (indiki “Şamaxı”) “Qarabağ”a transfer olunub. Müdafiəçi bu mövsüm 21 oyunda meydana çıxıb və 1 qol vurub. Futbolçu Ağdam təmsilçisinin formasıyla ümumilikdə 133 matçda forma geyinib və 3 dəfə fərqlənib.
Bizi Facebook-da izləyin