“Qarabağda futbol oyunu və ya türk ölkələrinin iştirak edəcəyi yarış keçiriləcək” – “Qalatasaray”ın prezidenti
“Qarşıdakı müddətdə Qarabağda futbol oyunu və ya türk ölkələrinin iştirak edəcəyi yarış keçiriləcək”.
Komanda.az xəbər verir ki, bunu Türkiyənin “Qalatasaray” klubunun prezidenti Dursun Özbək SOCAR-la sponsorluq müqaviləsinin imzalanma mərasimində deyib.
O, bildirib ki, Avropada böyük hədəflərə doğru irəlilədikləri yolda Azərbaycanın dünya brendinə çevrilmiş, önəmli enerji şirkətinin kluba dəstək olması çox dəyərlidir:
“Prosesi yaxından izlədikləri üçün Azərbaycan Prezidenti Cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm. Türkiyənin ən böyük brendi “Qalatasaray” ilə SOCAR arasında bu əməkdaşlıq hər iki tərəfə böyük töhfə verəcək”.
Özbək bu layihənin uzunmüddətli əməkdaşlığın ilk addımı olacağına inandığını deyib:
“Hesab edirəm ki, bu mühüm əməkdaşlığın 2023-cü ildə, yəni mərhum Heydər Əliyevin anadan olmasının 100 illiyində gerçəkləşməsi çox dəyərlidir. Proses qardaş klubumuz “Qarabağ”la Bakıda keçirdiyimiz yoldaşlıq görüşü ilə başladı. Yaşadığımız böyük zəlzələ fəlakətinin yaralarını sarmaq üçün dəstəklərini göstərdilər. Sağ olsunlar, var olsunlar. Qarabağ Azərbaycan və Türkiyə üçün çox vacib məsələdir. “Qalatasaray” öz mövqeyini göstərmək üçün məhz “Qarabağ”ı qardaş klub seçib. Anlaşmamız “Qalatasaray”ımız və və türk idmanı üçün xeyirli olsun. Avropadakı uğurlarımızın da daimi olmasını arzulayıram”.
Anlaşmaya əsasən, “Qalatasaray” 2023/2024 mövsümündə UEFA-nın bayrağı altında təşkil olunan bütün rəsmi klub turnirlərində (Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası daxil olmaqla) sinəsində SOCAR yazısı olan formada çıxış edəcək. SOCAR, həmçinin, mediada “Qalatasaray Futbol Komandasının Enerji Sponsoru” ifadəsindən istifadə etmək hüququna da sahib olub.
Bizi Facebook-da izləyin