“Qarabağ”a qarşı iki ideal oyun oynamalıyıq” – Müsahibə

“Qəbələ”nin bu mövsüm üçün ən uğurlu transferlərindən biri, komandanın aparıcı üzvünə çevrilən Ruan Renato Komanda.az saytına müsahibə verib. Braziliyalı müdafiəçi komandasının həm Premyer Liqadakı, həm də ölkə kubokundakı şanslarından danışıb.

  • Ölkə kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la cavab qarşılaşmasında 1:1 hesabıyla oynayaraq, yarımfinala vəsiqə qazanmağı bacardız. Matç sizin üçün necə alındı, çox əziyyət çəkməli olduz, yoxsa necə?
  • “Sumqayıt”a qarşı oyunumuz çox çətin alındı. Çünki rəqib güclü komanda idi. Azərbaycanda da ənənəsi olan klubdur. Hesabda önə keçsək də, “Sumqayıt”ın təzyiqinin artacağını və bizi təzyiqdə saxlamaq istəyəcəklərini bilirdik. Rəqibin təzyiqinə yaxşı dözə bildik. Belədə, növbəti mərhələyə adladıq.
  • Yarımfinaldakı rəqibiniz “Qarabağ”dır. Doğrudur, oyunlar təxminən iki ay sonra keçiriləcək, amma bu matçla bağlı ilkin fikirlərini öyrənmək istəyirdim. “Qəbələ” üçün “Qarabağ” səddini keçmək realdır?
  • “Qarabağ”ın gücünü yaxşı bilirəm. Amma futbolda mümkünsüz heç nə yoxdur. “Qəbələ” də bu mövsüm yüksək motivasiyaya sahibdir. Anlayırıq ki, “Qarabağ”a qarşı iki ideal oyun oynamalıyıq. Ki, növbəti mərhələyə adlayaq. Oyunun vaxtı gələndə hazır olmaq üçün daim hazırlaşacağıq.
  • Bu həftə isə komandanı evdə “Səbail” sınağı gözləyir. Rəqibiniz hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Ehtimal etmək olar ki, bu komandanı məğlub etmək sizin üçün çətin olmayacaq?
  • Biz bütün rəqiblərimizə eyni səviyyədə yanaşırıq. Fərqi yoxdur ki, rəqib hansı komandadır. Çünki bilirik ki, oyuna yüz faiz fokuslanmayanda çətinliklər yaşayırıq. Ona görə də, biz çox hazırlaşırıq. “Qəbələ” üçün vacib oyundur.
  • Turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “Zirə” “Qəbələ”dən cəmi bir xal geridədir. Onların sizi ötüb keçmək təhlükəsini hiss edirsiz?
  • Biz hansı rəqibin bizdən qabaqda və ya arxada olduğunu fikirləşmirik. Bizə görə, daha önəmli olan qarşıdakı hansı matçın keçirilməsidir. Bütün qüvvəmizi də qarşıdakı oyuna qoyuruq. Bu da çox yaxşı işləyir.
  • Maraqlı burasındadır ki, ölkə çempionatında çempionluğa yeganə favorit “Qarabağ”dır. Siz də daxil olmaqla, digər klubların onlara mane ola biləcəyini ehtimal edirsən?
  • “Qarabağ”la xal fərqimizin çox olduğunu bilirik. Amma “Qəbələ”nin şansı olduğu müddətdə hər şey ola bilər. Çempionatı ən yaxşı pillədə sona çatdırmaq istəyirik. Amma gəlin, oyundan-oyuna yolumuza baxaq. Mayın sonunda hansı pillədə olduğumuzu görəcəyik.
  • “Qəbələ”dəki etibarlı oyunundan sonra adın “Neftçi” ilə yanaşı çəkilməyə başladı. Hətta qışda bu komandaya transfer oluna biləcəyin də ehtimal edilirdi. Yoxsa, bu transfer yayda baş tutacaq?
  • Gələcəkdə nə olacaq, necə olacaq, bu haqda düşünmək istəmirəm. Çünki indi nə baş verir, indi hardayam, ona çox köklənmişəm. Hazırda “Qəbələ”nin futbolçusuyam və bu komanda üçün əlimdən gələni edirəm. Bu komandanı öz ailəm hesab edirəm. Ümid edirəm ki, mövsümü çox yaxşı başa vuracağıq.
  • Maraqlıdır ki, “Neftçi” forması geyinən Ramon Maçado və Gilyerme Pato ilə əvvəllər, Braziliyada eyni komandada oynamısan. Pato ilə danışırsan?
  • Doğrudur, hər iki futbolçu ilə oynamışam. Pato yeni gəlib Azərbaycana. Amma deyə bilərəm ki, o, əla futbolçudur. Adaptasiya müddətini keçdikdən sonra Azərbaycanda parlayacaq. İlk dəfədir ki, Braziliyanı tərk edir. Patonun potensiallı və çox şeyə sahib olmasına şübhə etmirəm. Sadəcə, dediyim kimi, adaptasiya dövrünü keçməlidir, ondan sonra parlayacaq.

Məhəmməd

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button