“Qarabağ” üzərində qələbənin öz ləzzəti var” – MÜSAHİBƏ
“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevin Komanda.az saytına müsahibəsi:
- Komandanız Premyer Liqada beş turdan sonra qapısında qol görmədən, bir heç-heçə, dörd qalibiyyətlə turnir cədvəlinə başçılıq edir. Uğurlu çıxışınızın sirri nədədir?
- Beş turdan sonra qapımızdan qol buraxmamışıq. Çalışırıq ki, müdafiədə etibarlı oynayaq, mümkün qədər səhvsiz oynamağa cəhd edirik. Düzdür, çatışmayan cəhətlərimiz çoxdur, amma çalışırıq oyundan-oyuna artıraq. Baş məşqçimizin verdiyi tapşırıqları çalışırıq maksimum yerinə yetirək ki, həm müdafiədə etibarlı olaq, həm də, hücumda qələbə qolumuzu vura bilək.
- Qələbələrin növbəti turlarda əks təsir yaradıb, eyforiyaya qapılmaqdan qorxmursuz ki?
- Belə baxanda, böyük bir şey etməmişik. Çempionatın əvvəlidir, sadəcə 13 xal yığmışıq. Burada eyforiyaya qapanmağa böyük bir səbəb yoxdur. Bu matçlara necə hazırlaşırdıqsa, qarşıdakı oyunlara da elə hazırlaşacağıq. Mövsümün sonunda yaxşı nəticələr qazanarsaq, onda nəsə danışmaq olar. Düşünürəm ki, indi hələ heç nə etməmişik.
- “Qarabağ” üzərindəki qələbənin (1:0) təsadüfi olduğunu düşünürsüzmü heç? Ağdam təmsilçisinin Çempionlar Liqasına köklənməsinin qələbinzdə nə dərəcədə rolu oldu? Yoxsa, “yenə oynasaq, yenə udarıq” deyə, düşünürsüz?
- Bəli, “Qarabağ” üzərində qələbə qazanmışıq. Bu komanda çox az hallarda məğlub olur. Məğlub olmağı sevməyən bir komandadır, sona qədər mübarizə aparırlar. Düzdür, “Qarabağ” avrokubok oyunlarından gəlmişdi, yorğunçuluq var idi. Buna baxmayaraq, rotasiya edəcək oyunçuları da var idi. Oyunun ağır olacağını bilirdik. Çalışdıq ki, onlarla maksimum yaxşı oynayaq və şans yaratmayaq. “Qarabağ”la oyunlarda yenə istərəm ki, xal və xallar qazanaq. Bu, bizim üçün uğurdur. “Qarabağ” heç bir komandaya məğlub olmaq istəmir, düşünürəm ki, bu da böyük komandalara məxsus bir şeydir. Hər bir komanda istəyər ki, “Qarabağ” üzərində qələbə qazansın. Düşünürəm ki, bu qələbənin öz ləzzəti var.
- Növbəti turda “Sabah”la qarşılaşmadan gözləntiləriniz nədir? Masazır təmsilçisini məğlub etməkdə sizə nə mane ola bilər?
- “Sabah” doğma meydanda çox yaxşı futbol oynayır. Son oyununda da 0:2-dən gəlib hesabı 3:2 etdi. Bu komanda ilə bizi çox ağır oyun gözləyir. Çalışacağıq həmin oyuna da yaxşı hazırlaşaq. Baş məşqçimizin verdiyi tapşırıqları diqqətlə yerinə yetirib, yaxşı nəticə qazanmağa çalışacağıq.
- Qərb camaatı – tovuzlularla yanaşı, hətta gəncəli azarkeşlər də “Turan Tovuz”un çempion ola biləcəyini düşünürlər…
- Çempionatın əvvəlində bu haqda danışmaq düzgün deyil. Biz sadəcə, hər oyuna çıxdıqda xal və xallar qazanmaq istəyirik. Güclü rəqiblərimiz var. Yenə də deyirəm, bu haqda danışmaq çox tezdir. Çalışırıq ki, avrokuboklara vəsiqə verən yeri tutaq.
- Kurban Berdıyevin məşq sistemini yəqin ki, bəyənirsiz. Sizi oyunlara necə hazırlayır və ya necə kökləyir ki, bu qədər uğurlu çıxış edirsiz?
- Hər baş məşqçinin özünün oyun sistemi var. Mənim bu haqda danışmağım düzgün deyil. Sadəcə, onu deyə bilərəm ki, Kurban Berdıyev bizə həmişə nizam-intizamlı olmağı, oyunlara yaxşı hazırlaşmağı, yaxşı köklənməyi, oyuna rahat çıxmağın mümkünsüzlüyünü başa salır. Rəqibi rahat məğlub edəcəm, rahat oynayacam – belə bir şey yoxdur. Rəqibə qarşı necə oynamaq lazım olduğunu izah edir. Çalışırıq ki, biz də onun tapşırıqlarını yerinə yetirək. Düzdür, üzərində işləyəcək məqamlar çoxdur. Çalışacağıq ki, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirək və yaxşı köklənək ki, yaxşı nəticələr qazanaq.
- Sizcə, “Turan Tovuz”un heyəti avrokuboklara vəsiqə verən yer uğrunda mübariz aparacaq gücdədir?
- Hər kəs istəyər ki, komandasında yaxşı çıxış edən, komandaya xeyir verə bilən futbolçu sayı çox olsun. Bəlkə də, heyətimiz elə də geniş deyil. Düşünürəm ki, gələcəkdə yeni transferlər olar və yeni gələnlər də komandaya xeyir verər. Çünki qarşıda zədəlilər, cəzalılar olur və komanda olaraq çox əziyyət çəkirik. Hazırkı oyunçularımız da komandaya xeyir vermək üçün əlindən gələn hər şeyi edir.
- Rəhbərliyin komandanın çıxışına münasibəti necədir?
- Rəhbərlik həmişə arxamızdadır. Nəticədən asılı olmayaraq həmişə onların dəstəyini hiss edirik. Biz də həm rəhbərliyimizi, həm də azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edirik ki, qələbə qazanaq.
- Azarkeşləriniz ev oyunlarınızda inanılmaz atmosfer yaradır. Bunun çıxışınıza təsirini necə qiymətləndirirsiz?
- Azarkeşlərin dəstəyi danılmazdır, “12-ci oyunçu”dur. Səfərdəki oyunlarda belə, onların dəstəyini görürük və özümüzü evdəki kimi hiss edirik. Komanda adına azarkeşlərimizə təşəkkür edirəm. Biz də hər oyun onların dəstəyindən həvəslənib, qələbə qazanaraq, onları sevindirmək istəyirik.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin