
“Qarabağ”, orada nə “Şkendiya” var, nə də “Ferentsvaroş”
Kürşad
“Qarabağ” Macarıstanda “Ferentsvaroş”a qarşı göstərdiyi oyunu Bakıda da göstərsə, səsini Çempionlar Liqasının liqa mərhələsindən eşidəcəyik.
Macarıstan klubunun baş məşqçisi Robbi Kinin “futbolda hər şey mümkündür” deməsinə rəğmən, Azərbaycan çempionunun əlinə düşən bu tarixi fürsəti qaçırmayacağına inanıram. Hətta əminəm. Kin üçün, elə komandası üçün də o “qatar” getdi… Gecdir.
Həm də, insafən, axı, Çempionlar Liqasının pley-off mərhələsini keçməyi “Qarabağ” “Ferentsvaroş”dan daha çox haqq edib. Oyunu, mübarizəsi, təcrübəsi ilə.
Macarıstan klubu ilə məsələ demək olar ki, böyük ölçüdə məlumdur. İndi əsas sual əsl çempionların olduğu Çempionlar Liqasının liqa mərhələsində “Qarabağ”ı nələrin gözlədiyidir. Orada artıq “Şkendiya”, hətta “Ferentsvaroş” da yoxdur. Orada “Real”, “Barselona”, PSJ, “Bayern”, “Liverpul”, “İnter”, “Napoli” var.
“Qarabağ” güclənməlidir. Mütləq şəkildə. Xüsusilə də, hücum xətti. “Köhlən atlar”ın ÇL-in təsnifat mərhələsində keçirdiyi beş oyunda 13 qola imza ataraq, bütün digər komandaları qabaqlaması kimi göz oxşayan statistikası olsa da, hücuma yeni güc, yeni nəfəs lazımdır. Heç kim Nəriman Axundzadədən, Musa Qurbanlıdan imtina olunmalıdır demir. Amma hər halda, “Qarabağ” Çempionlar Liqasının liqa mərhələsinə çıxsa (buna şübhə etmirəm), oyunlara “əsas iştirakdır” prinsipi ilə yanaşmayacaq. Əsas iştirak yox, mübarizə aparmaq, hansısa matçda heç-heçə etmək, hansısa oyunda qələbə qazanmaqdırsa, onda ən azı hücum xəttinə qol duyumu daha yüksək olan, müasir futbolun tələblərinə cavan verən forvard alınmalıdır.
“Şkendiya”, “Ferentsvaroş” başqa səviyyədir, qarşıda isə daha yüksək səviyyə, əsl çempionların, nəhənglərin olduğu yarış var. Biz bu yarışa maksimum hazır olan “Qarabağ” görmək istəyirik.
Bizi Facebook-da izləyin



