“Qarabağ” üçün proqnoz: “Ayaks” hazır deyil, “Napoli”nin problemləri var, “Ayntraxt” isə…

“Qarabağ” növbəti dəfə tarix yazır. UEFA Çempionlar Liqasının püşkatmasından sonra bəlkə də, çoxu “köhlən atlar”ın qitənin ən nüfuzlu klub turnirində 4 turdan sonra 7 xala sahib olacağına inanmazdı. Portuqaliyada “Benfika”ya qalib gələcəyinə, Bakıda dünya nəhəngi “Çelsi”yə 2 qol vurub heç-heçə edəcəyinə heç inanmazdı. Amma inanmadığımız hər şey başımıza gəlir, yaxşı mənada.

İndi əsas məsələ “Qarabağ”ın Çempionlar Liqasında ilk 24 komanda arasında yerini sonadək qoruyub-qoruya bilməyəcəyidir. Böyük ehtimalla, Ağdam təmsilçisi bunu bacaracaq. Qarşıdakı rəqiblər də bunun üçün yetərincə münasibdir.

Qurban Qurbanovun komandası növbəti oyununu noyabrın 25-də, İtaliyada “Napoli”yə qarşı keçirəcək ki, A Seriyasının son çempionunun heyətlə bağlı problemləri az deyil. Xüsusən də, yaşına rəğmən, dünyanın ən yaxşı orta sahə oyunçularından olan Kevin de Bruyne sıradan çıxıb. Onun “Qarabağ”la matçda iştirakı mümkün deyil.

“Napoli”nin Frankfurt “Ayntraxt”ı ilə qolsuz bitən oyununu izlərkən bir şeyə inandım ki, Azərbaycan çempionu da Neapol təmsilçisindən xal ala bilər. Hazırkı “Qarabağ” “Ayntraxt”dan zəif deyil.

İtaliya səfərindən sonra “köhlən atlar”ı dekabrın 10-da “Ayaks”la qarşılaşma gözləyəcək. O “Ayaks” ki, bəlkə də, tarixinin ən bərbad dövrünü yaşayır və Çempionlar Liqasının ümumi turnir cədvəlində sonuncu – 36-cı yerdədir. “Qalatasaray” da son turda bu komandanı çox əziyyət çəkmədən 3:0 hesabı ilə məğlub etdi. “Qarabağ” Niderland komandasını doğma publika önündə yenəcək gücdədir, buna şübhə yoxdur.

Daha sonra “Ayntraxt”la sınaq var ki (21 yanvar), Almaniya təmsilçisindən də Bakıda ən azı bir xal qoparmaq olar. İnsafən, almanlar “Ayaks”dan çox daha yaxşıdırlar, gənc, dinamik komandaları var və onlarla qarşılaşma asan keçməyəcək. Amma ən azı bir xal əldə etmək olar, əldə edilməlidir, vacibdir.

Sonuncu turda – yanvarın 28-də İngiltərədə “Liverpul”la oyunu isə “Qarabağ” üçün “səyahət” saymaq olar. Komandanın “Enfild”də dünya nəhəngi “Liverpul”dan xal almaq imkanı 0-a yaxındır. Təbii ki, rəqibin bu oyuna yanaşması da önəmli rol oynayacaq. Bəlkə də, bir möcüzə olar, ona da “Liverpul” icazə versə…

“Qarabağ” işin çətin olanını edib. “Benfika”nı səfərdə məğlub etmək, “Çelsi”dən xal almaq ən nikbin azarkeşlərin də proqnozlarını aşan bir şeydir. İndi qalır, “Ayaks”, “Ayntraxt” və “Napoli” kimi rəqiblərdən azı 4 xal almaq. Bu, “Qarabağ”ı Çempionlar Liqasının növbəti mərhələsinə çıxaracaq. İnanırıq ki, Qurban Qurbanov və komandası bunu bacaracaq.

Rəşad

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button