“Qarabağ” “Sabah”ın ukraynalı futbolçusunu istəyir? – AÇIQLAMA
“Sabah”ın yarımmüdafiəçisi Aleksey Kaşukla bir neçə xarici klubun, eyni zamanda “Qarabağ”ın maraqlandığı deyilir.
Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məsələ ilə bağlı Komanda.az-a açıqlama verib. O, ukraynalı futbolçunun xidmətində maraqlı olduqları üçün “Şaxtyor”la (Donetsk, Ukrayna) danışıqları davam etdirdiklərini bildirib:
“Bildiyiniz kimi, Aleksey Kaşuk müqavilə ilə “Şaxtyor”a məxsusdur. Hazırda “Sabah”da icarə əsasında çıxış edir. İcarə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. Əvvəllər də qeyd etmişik ki, klub olaraq əsas üzvlərimizdən biri olan Kaşukun xidmətində maraqlıyıq. Buna görə, onun müqavilə ilə məxsus olduğu “Şaxtyor”la daim təmasdayıq. Bu istiqamətdə hansısa yenilik olsa, ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Klub rəsmisi “Kaşukun transfer hüquqları “Şaxtyor”a məxsus olsa da, onunla bağlı sizinlə əlaqə saxlayan, məlumat alan olub” sualına belə cavab verib:
“Kaşukla maraqlanan bir klub olsa, çox güman, bununla bağlı onun müqavilə ilə məxsus olduğu kluba müraciət ediləcək”.
2022-ci ildən “Sabah”da icarə əsasında çıxış edən 23 yaşlı futbolçu 2023-cü il iyunun 30-da qədər Azərbaycan klubunda forma geyinəcək.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin