“Qarabağ” rəsmən açıqladı
“Qarabağ” klubu Avropa Liqasındakı ev oyunlarının alternativ ölkədə təşkili ilə əlaqədar açıqlama yayıb.
Komanda.az xəbər verir ki, açıqlamada bunlar qeyd olunub:
“Hazırda Azərbaycan Ordusunun bütün cəbhəboyu əks-hücum əməliyyatları uğurla davam edir və ölkəmizdə hərbi vəziyyət elan edilib.
Məlum olduğu kimi, iki gün öncə UEFA İcraiyyə Komitəsi ölkəmizdəki vəziyyəti nəzərə alaraq, “Qarabağ”ın qrup mərhələsində ilk ev oyununu neytral meydanda keçirilməsi ilə bağlı qərar qəbul edib. “Vilyarreal”la matçın hansı ölkədə keçirilməsi ilə bağlı UEFA tərəfindən bir neçə ölkə klubumuza təqdim edilmişdi.
Lakin həmin ölkələrdə klubumuzun təhlükəsizliyi, hər hansı bir təxribat olması ehtimalı və digər məsələləri nəzərə alan klub rəhbərliyi tərəfindən anında UEFA-ya məlumat verilib və “Vilyarreal”la matçın hər zaman öz dəstəyi ilə yanımızda olan Türkiyədə keçirilməsi üçün tutarlı əsaslarla müraciət göndərilib və bu müraciət UEFA tərəfindən müsbət qarşılanıb.
Ali futbol qurumunun tələbi ilə qarşılaşma bu mövsüm avrokuboklarda ev sahibliyi etmiş stadionda keçirilməlidir. Bununla bağlı qardaş Türkiyə təmsilçilərinə Ağdam klubu tərəfindən məktub ünvanlanıb. Qardaş ölkə təmsilçiləri klubumuzun məktubuna “Stadionumuz hər zaman “Qarabağ”ın xidmətindədir” cavabını göndərib. Başda “Qalatasaray” olmaqla, öz dəstəyini əsirgəməyən qardaş ölkə təmsilçilərinə təşəkkür edirik.
Hazırda Çempionlar Liqasının qrup mərhələsində iştirak edən “Başakşəhər” klubunun stadionu isə texniki cəhətdən tam təmin olunduğuna görə “Qarabağ” – “Vilyarreal” matçı məhz bu kluba məxsus Fatih Terim adına stadionda keçiriləcək.
“Qarabağ” Futbol Klubu olaraq, “Başakşəhər”ə könüldən göstərdiyi dəstəyə görə təşəkkür edirik”.
Bizi Facebook-da izləyin