“…və biz çempionatı tamamlaya biləcəyik” – “Qarabağ” rəsmisi
Ölkədə xüsusi karantin rejiminin müddətinin uzadılmasından sonra pandemiya səbəbiylə dayandırılan Premyer Liqanın taleyi ilə bağlı yeni suallar ortaya çıxdı. Çempionatın mümkün bərpası, yaxud vaxtından tez yekunlaşdırılması, oyunların keçirilməsı ilə bağlı müxtəlif iddialar, fikirlər səsləndirilir.
Çempionatın gələcək taleyi ilə bağlı fikirlərini, gözləntilərini öyrənmək üçün Premyer Liqanın turnir cədvəlinin lideri və çempionluğa əsas namizəd olan “Qarabağ” klubunun idman direktoru Əmrah Çəlikələ müraciət etdik. Ağdam klubunun rəsmisi, çempionatın tamamlanacağına inandığını bildirdi:
“Düşünürəm ki, UEFA-nın müəyyənləşdirdiyi son tarixə qədər çempionatın keçirilməsi üçün uyğun şərait yaranacaq. Çünki Azərbaycanda bir çox ölkələrə nümunə ola biləcək səviyyədə karantin tədbirləri görülür. İnanıram ki, ən qısa zamanda komandaların məşqlərə başlaması üçün lazım olan icazələr veriləcək və biz çempionatı tamamlaya biləcəyik. Hələlik isə dövlətimizin qoyduğu qanun və qaydalara əməl edərək, evdə qalmağa davam etməliyik”.
Aygül Qarayeva
Bizi Facebook-da izləyin