“Qarabağ” özünü “yandırdı”

Vüsal Aydın Qəmbərov

Nəhayət, UEFA-nın eksperimenti “Qarabağ” üçün də start götürdü. 10 mövsüm ardıcıl özünü avromövsümün qrup mərhələsinə çatdıran Ağdam klubu, yeni formatda da əsas mərhələdə yerini aldı. Öz yerini… Avropa Liqasındakı yerini…

Bəli, heyf ki, yenə də xəyalımızdakı yer olan Çempionlar Liqasından uzaq düşdük və yenə Avropa Liqasındayıq.

Həm bu yolçuluğa ümumi nəzər salmağa, həm “Qarabağ”ın qaçılmaz taleyinə yürüyərək, necə bir tarixi fürsəti əldən qaçırdığından danışmağa, həm də, həmişəki kimi, mövzunu idmandan çıxarıb, həyata, idarəetməyə, iş əxlaqına və bir az da psixologiyaya bağlamağa çalışacam.

Getdik!

Əvvəla, onu deyim ki, oyunun hekayəsinin necə inkişaf etməsindən asılı olmayaraq “Qarabağ” tilsimi qıra bilmədi. “Böyük liqa komandası” qarşısındakı “mandraj” tilsimini.

“Qarabağ”ın oyunçuları sanki baş məşqçidən paltardəyişmə otağında qələbəyə gedən yolun təlimatını alıb, ona inanmaya-inanmaya yerinə yetirən əsgərə bənzəyirdi. Baxırdılar ki, alınır, amma qol epizodu ilə üzbəüz qalanda prosesin əvvəlindəki o inamsızlıq son həmləni etməyə mane olurdu. Bəlkə də, hər qol epizodunda zərbəni endirən futbolçumuz öz ürəyində “yox da, indi mən “Tottenhem”lə oyunda belə rahat qol vəziyyətindəyəm” sualını verirdi özünə. Cavabı da tapana qədər ya qapıçı komandasını xilas edirdi, ya da, özləri topu kənara vururdu. Məsələn, Toral Bayramov Juninyo ilə paralel gedib son anda zərbəni topa yox, havaya endirdiyi anda da, 7 metrlik o “darvaza” ilə arasında 11-cə metr olanda da gözlərinə, yaşadıqlarına inanmırdı sanki.

“Qarabağ” dünən idarəetmədəki üç vacib sözün bir-birindən fərqini bizə əyani nümayiş etdirdi. Məsuliyət və həsr olunma hər zaman alqışlanan şeylərdir. Amma daşıya bilməyəcəyin qədər fiziki yükə necəsə dözmək olursa, psixoloji yükə heç cür dözmək olmur. “Qarabağ”ın psixoloji hazırlığı dünən bir daha özünün əskikliyini bizə göstərdi.

“Qarabağ”ın futbolçularının başını birtəhər aldadıb məsələn, yenə “Ludoqorets”lə oynadığımıza inandırsaydılar, bəlkə də, nəyəsə şansımız olardı. Amma Londona yüksək məsuliyyət duyğusu, bununla belə, aşağı özünəinam hissiylə gələn “Qarabağ”ı rəqibin 10 nəfərlə qalması və oyununun alınmaması da xilas etmədi. Oyun meydanda yox, beyində uduzulmuşdu.

Qol gözləntisi statistikası deyir ki, londonlular 1 qol yaradıb 3-nü vurdu, ağdamlılar isə 2-sini yaradıb heçini. Bəli, elə klubların haranı təmsil etdiklərini biləndə başa düşürsən ki, bu, artıq təcrübə ilə filan həll olunmur.

Hərdən mənə elə gəlir ki, “Qarabağ”da impostor sindromu var. Öz güclərinə layiq olduqları qədər inanmırlar. Biz isə inanmağa davam edirik həmişə.

Prinsipcə, onsuz da, planlanmış 0 xal, elə 0 xal olaraq qaldı. Prinsipcə, “Qarabağ” bizi belə başlamağa öyrəşdirib. Prinsipcə, növbəti iki ev oyununda səbr, təmkin, ağıl, kəsərlilik ilə “Malmö” və “Ayaks”ı udmaq olar və bu, artıq ciddi iddia olar. Yəni, hələ 7 oyun qabaqdadır və 8 matçın ən ağırı geridə qalıb. Biz Londonda beləydiksə, bundan sonra ümidvar olmağa dəyər. Amma ümid edək ki, Mateuş Koxalski bütün səhv limitini artıq doldurub.

Simulyasiyalar deyir ki, 7-8 xal ilə pley-offa, 16-18 xal ilə birbaşa 1/8 finala getmək mümkündür. 21 xaldan 40 faizini yığmaq olar və lazımdır.

İcazənizlə, bu yerdə liqa mərhələsinin anlaşılması üçün bir bənzətmə edim.

Elə bilin ki, 36 komandalıq liqa 8-ci tura qədər oynanılır və turnir cədvəli ona əsasən müəyyən edilir. Sadəcə, bu 8 turda ədalətin qorunması üçün hamıya səbətlərə görə bərabər ağırlıqda rəqiblər verilir. Təbii ki, püşk var, yenə də bəzilərinin işi digərindən daha rahatdır. Simulyasiyalar deyir ki, ən asan 8-lik “Qalatasaray”da, ən çətini RFS-dədir. Nəticədə, hesab meydanda müəyyən olunur və ilk turda hesab-kitaba zidd hadisələr baş verdi. Deməli, çox maraqlı olacaq.

Bu formatın vacib məqamı isə odur ki, hamı virtual olaraq bir-biri ilə yarışır. Bu o deməkdir ki, nəinki hər xal, hətta hər qol belə, sonda müəyyənedici olacaq. Ona görə də, əvvəlki formatda 3-4 oyuna fokuslanıb nəsə etmək olurdusa, bu dəfə bütün oyunlarda tam qüvvəni vermək lazım gələcək.

Ümid edək ki, “Qarabağ” zədəliləri də geri qaytarıb, formaya düşüb, vəzifəsinin öhdəsindən gələcək. Həmişəki “Qarabağ”… Həmişəki kimi başladı və davam edəcək…

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button