
Elopun göz yaşları və “Qarabağ”ın strategiyası
Vüsal Aydın Qəmbərov
Bəli, sentyabrın 2-sindən 3-nə keçən gecə UEFA-nın Çempionlar Liqası iştirakçılarından ərizələri qəbul etdiyi son vədə idi. Və adətkar olduğumuz üzrə, “Qarabağ” digər bir çox klubla birgə imtahan kağızını axırıncı saniyəyə qədər özündə saxlayan şagirdlər kimi rəftar etdi. Beləcə, Ağdam klubu o arzulanan və tələb olunan mərkəz hücumçusunu heyətinə qata bilmədi və dünyanın ən nüfuzlu klub turnirində nəhənglərin qarşısına cəmi 4 nəzəri (Kamilo Duran, Nəriman Axundzadə, Addai və Musa Qurbanlı), 1 nominal (Musa Qurbanlı) hücumçu ilə çıxacaq.
Sambu, ya da “sambaçı” Juninyo ilə Klovis və ya koreyalı Kim Mindən belə, kimlərin adları çəkilmədi ki… Amma nəticə etibarilə, uğursuz transfer mövsümündən sonra heyətə cəmi iki hücumameylli oyunçu cəlb edilə bildi: Joni Montiel və Kamilo Duran. Onlar da hücumçu yox, yarımmüdafiəçidir. Üstəlik, ötən mövsümü bütövlükdə zədəli keçirən Montiel yenə müalicə alır və ÇL iştirak ərizəsində də adı yoxdur. “İkinci Diakabimiz xeyirli olsun” deyəcəkdim ki, sözüm ağzımda qaldı.
8 il öncə buna bənzər situasiyada ağdamlılar Pedronu icarəyə götürüb “çulunu sudan çıxarda bilmişdi” ki, bu dəfə könlü balıq istəyən “atlılar”ın kəhəri elə suda da qaldı.
Hər şeydən əvvəl onu deyim ki, hamının “Qarabağ”ın başının “dəlləy”inə çevrilməyi heç mənim də xoşuma gəlmir. Ölkədə “Qarabağ” səviyyəsində uğurlara sahib, bu qədər gözəl idarə olunan neçə layihəmiz var ki, hamı bir tərəfdən durub ağıl verir? Üstəlik, hər kəs özünə sual versin ki, “Qarabağ”ın gəlirlərində hansı payın sahibidir? Futbol adlı özəl sektorda pul hər şey olmasa da, çox şeydir və “Liverpul” çempion olduğu mövsümün ardınca transferə yarım milyard avroya yaxın pul xərcləyirsə, biz bu dünyada hardayıq?
Bunu deyib, ingilislər demiş, “disclaimer”imi daxil etdikdən sonra, keçim o hissəyə ki, “Qarabağ” öz işini nə qədər düz görsə də, buna qədər də transfer siyasətində əskikliklərlə həmişə gündəmə gəlib və bu gündəmə gətirmə haqsız da olmayıb adətən.
“Qarabağ”ın idarəçilik prinsipləri, uğura aparan yoldakı strateji yanaşması, kadr siyasəti, futbolda vacib məqam olan meydança ilə meydandan kənarı gözəl şəkildə ahəng halına gətirmə, istifadə etdiyi proqressiv metodlar vs. vs. Bunun kimi çox məqam var ki, bu gün dünya futbolunda layihə yaratmaq istəyən futbol funksionerləri dönüb “Qarabağ”ın nümunəsini araşdıra bilər. Dünyanın aparıcı biznes məktəblərində hər cür “case” (nümunə) işlənir ki, “Qarabağ” biznes və idarəçilik məktəbləri üçün bir nümunədir və bununla ancaq fəxr etmək olar. Amma öz inkişafını öz əli ilə dayandıran və qəliblərindən çıxmağa əziyyət çəkən bir nümunə. 2008-ci ildəki məfkurəsi və idealına 10 il sonra çatdıqdan sonrasını xəyal etməyə və yerinə yetirməyə əziyət çəkən bir nümunə.
Hər layihə pillə-pillə yüksəlməlidir. Bir mərhələ başa çatdıqda onun içində “buxsavatlamaq” qəbuledilməzdir. Bu, həm yorucudur, həm də dayanaqsızdır.
Ona görə də, “Qarabağ” layihəsi növbəti səviyyəsinə keçməlidir. Bu, Çempionlar Liqasına və ya Avropa Liqasına vəsiqə qazanmaqdan, ardıcıl 18567-cı dəfə ölkə çempionu olmaqdan daha ümdə məsələsdir. Kimisə incidə də bilər, kiminsə xoşuna gəlməyə də bilər, amma builki ÇL-ə vəsiqə “Qarabağ”ın bu gün gördüyü işlərə tay bir nəticə deyil. Bu, sadəcə illərin təcrübəsi və püşk+oyun bəxtinin sintezi ilə əldə olunmuş uğurdur. Düzünü desəm, heç böyük bir uğur da deyil.
“Qarabağ” Avropa Liqasının davamçısından Çempionlar Liqasının davamçısına çevrilmək üçün indi etdiyindən artığını etməlidir.
Bu sətirləri oxuyan kimsə düşünə bilər ki, burda nəzərdə tutulan heyətin daha yaxşı olmasıdır, amma bu mövzu çox kompleksdir və bir çox idarəetmə elementini də əhatə edir.
“Qarabağ” və xüsusilə, Qurban Qurbanov 21-ci əsr futbolu ilə ayaqlaşmaq, oyun planında rəqiblərdən geri qalmamaq üçün çox çalışır. Klubda müasir metodlar istifadə olunur… imkan daxilində. Amma nə əskikdir desəz, əminliklə deyəcəm ki, strateji. Hədəf nədir? Çempionlar Liqasında daimi olmaq? Avropanın Top-11 liqasından (İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa, Portuqaliya, Niderland, Belçika, Rusiya, Ukrayna, Türkiyə) başqa, ÇL-ə tez-tez vəsiqə qazanan cəmi 6 klub var: “Dinamo” (Zaqreb), “Bazel”, “Olimpiakos”, “Kopenhagen”, “Sparta”, “Zalsburq”. Söhbət son 20 ildə 4 və daha artıq iştirakdan gedir.
Hədəf bu deyilsə, onda nədir? Hədəfin bu olmasına nə maneə var? Azərbaycan çempionatının vəziyyəti? Bəli, doğrudur. Amma bu Azərbaycan çempionatından indiki nəticələri çıxaran “Qarabağ” çoxdan sübut edib ki, Azərbaycan klubu olmağının ona necə deyərlər, təsiri yoxdur. Öz yolu, öz gücü var.
Deməli, burdakı məsələ cəsarətdir. 2008-də bu yola girmək nə qədər cəsarət və iradə tələb edirdisə, indi də “Qarabağ”ı bir səviyyə yuxarı qaldırmaq onu tələb edir.
“Qarabağ” nə etməlidir?
Əvvəla, pul qazandıran modelini tapmalıdır. Bu, dəqiqdir. Öz pulunu özü qazanmayan heç bir layihə dayanıqlı ola bilməz. UEFA AL və ÇL-dəki iştiraka görə yaxşı mükafatlar verməsəydi, bu layihə də mümkünsüz olardı. Amma hələ də büdcə gəlirləri qənaətbəxş deyil. Pul qazanmaq lazımdır.
İkincisi isə, “Qarabağ”ın seleksiya siyasəti dəyişməlidir. Daha modern, daha elastik, daha cəsur olmalıdır. “Qarabağ” 50-ci dəfə tanıdığı oyunçunu geri qaytarmağa yox, “Union Sen Jillua”nın etdiyi kimi, orda-burda itib-batmış istedadları gətirib, onları milyonluq ulduzlara çevirməlidir. Deniz Ündavın bizim qonşu “Meppen”də 3-cü Bundesliqada oynadığını və cəmi iki mövsüm sonra Almaniya yığmasına cəlb olunduğunu bilmək futbolun necə dəyişdiyini anlamağa bəsdir.
“Qarabağ” bu gün yenə öz doğruları ilə davam edir. O doğrular ki, komandanı bu yerə gətirib. Amma o doğrular nəinki irəli getməyə, heç bu yerdə qalmağa da qarant deyil. Necə ki, o vaxt “Nokia” CEO-su Stefan Elop 2013-də şirkət “Microsoft” tərəfindən satın alınarkən mətbuat konfransında “We didn’t do anything wrong, but somehow, we lost” (Biz səhv heç nə etmədik, amma uduzduq) deyib ağladığı kimi, biz də hər şeyi düz edib, uduzanlardan olmayaq.
P.S. “Qarabağ”ın ancaq avrokubok oyunlarına gedən, klubun inkişafına real maddi dəstəyi olmayan, klaviaturadakı qəhrəmanlıqları real həyatdakıları dəfələrlə üstələyən azarkeş kütləsinin isə bu haqda danışmağa ümumiyyətlə, haqqı yoxdur. “Qarabağ” millisi Avropa, dünya çempionatlarında yerini möhkəmlətmiş, çempionatından 2-3 daimi əsas mərhələ iştirakçısı çıxan ölkənin klubu deyil, dünya futbolunda “var”la “yox” arasında fırlanan Azərbaycanın klubudur. Yəni, tələb edərkən də məntiq və ədalətlə tələb etmək lazımdır.
Bizi Facebook-da izləyin



