Arzularımızın “məzar”ı olan sakit bir şəhərdən reportaj FOTOLAR

“Qarabağ”ın ən azı 1 xal üçün getdiyi, üç günlük qonaq olduğu Sevilya şəhərində bu müddət ərzində Avroliqa matçının ab-havası hiss edilmədi. Bəlkə də, bu, Əndəlüs təmsilçisinin artıq qrupda öz taleyini həll etməsiylə bağlı idi.

Sevilya əhalisi sakit həyat tərzi sürür. Şəhər sakinlərinin əksəriyyəti gəlmələrdir. Asiyalıların xüsusilə çox olduğu Sevilyada, afrikanlar da az deyil. Asiyalılar özlərinə obyektlər açaraq pul qazanırısa, afrikalılar və Afrika əsillilər daha çox səyyar satışla məşğul olur. Sevilyanın tarixi yerlərinin çoxluğu bura turist axınına da şərait yaradır. Sevilya kafedralını ziyarətə gələn qonaqların əksəriyyəti asiyalılardır. Şəhərdə yerləşən İspaniya meydanı isə xüsusilə, gözəlliyi ilə qonaqların gözünü oxşayır. 1924-1929-cu illər aralığında amerikanlar tərəfindən inşa edilən meydan İspaniyanın memarlıq tarixində xüsusi rol oynayır.

Sevilya sakinləri ictimai nəqliyyat vasitələri qədər velosipedlərdən də istifadə edirlər. Şəhərin bir çox yerlərində kart sistemi ilə işləyən velosipedlər qoyulub və istənilən şəxs müəyyən məbləği ödəməklə, bundan istifadə etmək imkanına sahibdir. Səkilərdə sırf velosiped sürənlər üçün iki zolaqlı yollar var. Şəhərin təmizliyi, avtomobillərdən siqnal səsinin eşidilməməsi də avropalıların göz oxşayan mədəniyyətindən xəbər verir.

Üç gün ərzində şəhərin mərkəzi yerlərində “Sevilya” – “Qarabağ” matçına aid afişaya rast gəlmək qismət olmadı. Sadəcə, oyuna bir neçə saat qalmış artıq stadionun yaxınlığında canlanma hiss edildi. Bu “canlanma” da “Sevilya” və “Qarabağ” komandalarına aid şərflərdən ibarət idi. Ümumilikdə, Əndəlüs təmsilçisinin biri stadionda, biri isə şəhərin mərkəzində yerləşən fan-şopu var. Matç gününə qədər şəhərdə “Sevilya” klubunun formasını geyinən, bu komandaya aid hansısa atributları üzərində gəzdirən insanlar da görmək nəsib olmadı. Qarşılaşmanın başa çatmasından sonra azarkeşlərin qazanılan qələbəni xüsusi qeyd etməməsi, hakimin final fitinin ardından bir göz qırpımında stadionunun boşalmasını da qeyd etmək lazımdır.

“Qarabağ”ın bu sakit, yüksək mədəniyyəti, qonaqpərvərliyi ilə seçilən Sevilyadan uğurla qayıtması arzuolunan idi. Oyuna gedərkən “köhlən atlar”da xüsusi ruh yüksəkliyi hiss edilirdi. Ağdam təmsilçisi bu matçda ən azı 1 xal qazanmaq niyyətində idi. Ancaq olmadı…

“Sevilya” azarkeşlərinin “Qarabağ”la oyuna ciddi marağı yox idi. Stadionun çox hissəsi demək olar ki, boş idi. Tribunalarda azarkeş sayının az olmasına baxmayaraq, futbol atmosferi hiss olunurdu. Oyuna bir neçə dəqiqə qalmış meydançanı işıqlandıran projektorların rəqsini də xüsusilə qeyd etmək lazımdır.

“Sevilya” – “Qarabağ” matçı gözlənildiyi kimi, meydan sahiblərinin üstünlüyü ilə başladı və bu, sonadək davam etdi. Matça beş müdafiəçi ilə başlayan Qurban Qurbanovun əsas məqsədi 1 xal əldə etmək idi. İlk hissədə 1, ikinci hissədə isə rəqib qapısına 2-3 dəqiq zərbə endirən “Qarabağ”ın bundan artığına gücü çatmadı. 75-80-ci dəqiqə aralığında əvvəlcə Miçel, daha sonra isə Riçard Almeydanın cəhdi uğursuz alındı. Hə, bir də Abdullah Zubirin epizodunda verilməyən penalti də var. Fransız futbolçu cərimə meydançasında yerdə qalmasına baxmayaraq, hakimin fiti susdu. Qərar fərqli olsaydı, bəlkə də, nəticə də fərqli olardı. Ancaq sonluq dəyişmədi və “Qarabağ” Sevilya səfərindən Bakıya əliboş, Avroliqa ilə vidalaşmış halda qayıtdı. APOEL-in “Düdelanj”ı səfərdə məğlub etməsi isə “köhlən atlar”ın sonuncu ümidlərini də boşa çıxardı. İndi yenidən növbəti mövsümü gözləməkdən başqa bir şey yoxdur…

Şahin Cəfərov, Bakı-Sevilya-Bakı

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button