İspan yarımmüdafiəçi “Qarabağ”ın hədəfində
“Qarabağ” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi İspaniyanın “Saraqosa” klubunun futbolçusu Xorxe Pombo ilə maraqlanır. Bu barədə “elperiodicodearagon.com” saytı məlumat yayıb. Xəbərdə, 25 yaşlı yarımmüdafiəçinin “Qarabağ”la yanaşı, İspaniya Sequndasının və MLS klublarının da hədəfində olduğu bildirilir.
Pombo ilə “Estremadura” klubu da yaxından maraqlanır. Sequnda təmsilçisinin yarımmüdafiəçi üçün 500 min avroya yaxın pul təklif etdiyi, ancaq tərəflərin razılaşmadığı iddia olunur. Buna səbəb, ispan oyunçunun karyerasını ölkə xaricində davam etdirmə istəyidir.
İllik 85 min avro məvacib alan Pombonun “Saraqosa” ilə müqaviləsi 2020-ci ilin yayına qədərdir. “Transfermarkt”da dəyəri 700 min avro olan Pombo, ötən mövsüm “Saraqosa” forması ilə iştirak etdiyi 41 oyunda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin