“Qarabağ” ili belə bitirdi
2024-cü il “Qarabağ” üçün tarixi nəticələrlə yadda qaldı.
Komanda.az xəbər verir ki, Ağdam təmsilçisinin mətbuat xidməti ilin yekunuyla bağlı hesabat hazırlayıb. Sözügedən hesabatda “Qarabağ” üçün 2024-cü ilin 11 ən əlamətdar məqamı qeyd edilib. Həmin yazını təqdim edirik:
Pley-offda ilk qələbə
Azərbaycan futbolu tarixinə Avropa Liqasının pley-offuna yüksələn ilk komanda kimi düşən “Qarabağ” 1/8 finala vəsiqə üçün “Braqa” ilə qarşılaşıb. Portuqaliyadakı möhtəşəm oyunu ilə 4:2 hesablı səfər qələbəsi qazanan komanda Bakıdakı cavab görüşündə daha bir tarix yazıb. Nəriman Axundzadənin əlavə vaxtdakı qolu komandanı 1/8 finala daşıyıb. Avrokubokların bu mərhələsi Azərbaycan futbol tarixində yeni səhifə olub.
1/4 finalın astanasında
Avropa Liqasında ən uğurlu mövsümünü keçirən komanda 1/4 finalın bir addımlığında qalıb. 1/8 finalda güclü “Bayer”lə görüşən “Qarabağ” həm evdə, həm də səfərdə 2:0 hesabı ilə önə də keçib. Amma komanda hər iki görüşdə üstünlüyünü uzatma dəqiqələrində əldən verib. Patrik Şikin 90-cı dəqiqədən sonrakı vaxtda vurduğu üç top 8 ən güclü sırasına düşməyinə imkan verməyib – 2:2, 2:3.
Ardıcıl 3-cü, tarixdə 11-ci
Komanda bu il 11-ci dəfə Azərbaycan çempionu titulunu qazanıb. Ardıcıl üçüncü qızıl medallar vaxtından əvvəl təmin olunub. Bu, Premyer Liqanın 28-ci turunda rəsmiləşib. “Kəpəz”i 6:1 hesabı ilə məğlub edən komanda sona 8 tur qalmış 1-ci yeri təmin edib.
8-ci kubok
Ölkə çempionu adını qazanan komanda Azərbaycan kubokunun da qalibi olub. Qurban Qurbanovun yetirmələri finalda “Zirə” ilə görüşüb. Bu qarşılaşma “Liv Bona Dea Arena”da baş tutub. Komanda 2:1 hesablı qələbə qazanıb.
Əlçatmaz Olavio
Futbolçu Olavio Juninyo 2023/24 mövsümünün bombardiri adını qazanıb. O, 20 qolla çempionatın ən məhsuldar oyunçusu olub. Braziliyalı meydana çıxdığı 35 matçda bu qədər qola imza atıb. Cənubi amerikalı bombardir titulunu debüt mövsümündə əldə edib.
Akademiyadan “het-trik”
Bu il təkcə əsas komandanın uğurları ilə yadda qalmayıb. Klubun, futbolumuzun gələcəyi olan yeniyetmə komandaları da çempionluq sevinci yaşayıblar. Akademiya təmsilçiləri AFFA-nın təşkil etdiyi liqaların üçündə çempion olublar. U-15, U-14 və U-13 komandaları Azərbaycanın ən yaxşısı adını qazanıb. Akademiyanın komandaları çoxsaylı müxtəlif beynəlxalq turnirlərdə də ölkəmizi layiqincə təmsil ediblər.
“İmarət”in təməli
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoyub. Komandanın sonuncu dəfə 1993-cü ildə çıxış etdiyi arenanın yenidən inşa olunmasına başlanılıb. Stadion bunun üçün ayrılan 19,2 hektar torpaq sahəsində tikilir. “İmarət” stadionunun UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun inşa edilməsi nəzərdə tutulub. 11 min 700 nəfərlik tamaşaçı tutumuna malik stadionun oyun meydançası təbii ot örtüyü olacaq.
Çempionlar Liqasında pley-off
Komanda son illərdə formalaşan ənənəsinə sadiq qalaraq bu dəfə də avrokubokların təsnifat mərhələlərində uğurla çıxış edib. Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayan “Qarabağ” öncə “Linkoln”, ardınca “Lüdoqorets” səddini aşıb. Bu iki dueldə ümumilikdə 16 qol vuran komanda qitənin ən nüfuzlu klub turnirinin pley-offuna vəsiqə qazanıb. Bu, ən azı Avropa Liqasının əsas raunduna vəsiqəni təmin etmək üçün yetərli olub.
İlk dəfə Liqa mərhələsində
Ardıcıl 10 il avrokubokların qrup mərhələsində oynayan “Qarabağ” bu dəfə də əsas raunda qədər irəliləyib. Komanda yeni formatda təşkil olunan Liqa mərhələsində mübarizəyə başlayıb. Komanda bu formatda əsas mərhələ oynayan ilk və yeganə Azərbaycan klubudur. Bu mərhələdə 6 matça çıxan “Qarabağ” digər iki oyununu 2025-ci ildə keçirəcək.
“Qarabağ”dan unikal təşəbbüs
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində “Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılıb. COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunan yeni qurumda “atlılar”la yanaşı, iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlılıq mövzularında böyük təcrübəyə malik 10 klub yer alıb. Bunlar “Liverpul”, “Totenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Porto” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö” (İsveç) klublarıdır.
Qış çempionu
Komanda Premyer Liqanın 2024/25 mövsümündə də uğurla çıxış edir. 18 turdan sonra lider olan “Qarabağ” qış fasiləsinə zirvədə yollanıb. Bu, XVIII tur ərəfəsində rəsmiləşib. “Şamaxı” ilə təxirə salınmış oyundakı qələbə ilə qış çempionluğu təmin olunub. Bu, komandanın tarixində 11-ci, ardıcıl 4-cü belə uğurudur.
Bizi Facebook-da izləyin