“Qarabağ” hər il avrokuboklarda mübarizə aparan çox təhlükəli rəqibdir”
“Rakuv” klubunun Müşahidə Şurasının sədri Voyçex Tsiqan “Qarabağ”la oyundan öncə danışıb.
Komanda.az “dziennikzachodni.pl” saytına istinadən xəbər verir ki, o, Polşa klubunun Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “köhlən atlar”la cavab oyunundakı şanslarını dəyərləndirib:
“Qarabağ” hər il avrokuboklarda mübarizə aparan çox təhlükəli rəqibdir. “Qarabağ” yüksək intensivliyi ilə adamı heyran edir. Bu komandanın zəiflədiyini və bir neçə il əvvəlki kimi güclü olmadığını deyənlər var idi. Amma Azərbaycan çempionu dəyişikliklərə baxmayaraq, hələ də güclüdür”.
Tsiqan Bakıya minimalhesablı qələbə ilə yollandıqlarını dilə gətirib:
“Qarabağ” kimi çətin rəqib üzərində qələbə bizim üçün dəyərli nəticədir. Cavab matçı asan olmayacaq. Bakıya mübarizə aparmaq üçün gedirik. İlk görüşdəki səhvləri aradan qaldırmalıyıq. Evdə qısa müddətdə buraxdığımız səhvlər iki dəfə mərkəzə dəvət olunmağımıza səbəb oldu. Bakıya minimalhesablı qələbə ilə yollanırıq. Bu isə o deməkdir ki, rəqibdən bir qədər yaxşı vəziyyətdəyik. Orada yaxşı müdafiə olunmalıyıq”.
“Rakuv” rəsmisi cari mövsümlə bağlı hədəflərini də açıqlayıb:
“Çempionlar Liqasının qrupunda oynamaq üçün hələ çox yolumuz var. Amma avrokubokların qrup mərhələsində iştirak etməyə hazırıq”.
Avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək cavab oyunu saat 20:00-da start götürəcək.
Bizi Facebook-da izləyin