“Qarabağ” hazırda ən yaxşı formada olan komandadır”
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:5 hesabı ilə uduzduqları matçdan sonra bunları söyləyib:
“Qarabağ”a qarşı mübarizə aparmaq çətin idi. Matç rəqibin üstünlüyü şəraitində keçdi. Bu gün əsasən səhvsiz oynamaq istəyirdik. Rəqib cari mövsüm yeganə məğlubiyyəti bizdən alıb. Amma həmin dövrlə indiki arasında fərq var. Həm rəqib tamamilə çempionata köklənib, həm də bizdə zədəlilər çoxdur. “Qarabağ” hazırda ən yaxşı formada olan komandadır.
Buraxılan erkən qol böyükhesablı məğlubiyyətə gətirib çıxardı. “Qarabağ” bundan əvvəlki görüşlərdə də bu cür qələbələr əldə edib. Amma bunlar bəhanə deyil. Hazırda bizi düşündürən komandanın növbəti mövsümə daha yaxşı hazırlaşmasıdır. Bu barədə düşünməliyik. Hər oyun heyətimizdə kifayət qədər dəyişikliklər olur. Meydanda hər oyunçunu görmək istəyirik. Pozitiv nəsə demək çətindir. Məğlubiyyət bizi üzür. Qarşıda daha bir dövrə var. Turnir cədvəlində bizə yaxın rəqib “Sumqayıt”dır. Rəqabətdən geri qalmamağa çalışacağıq. Ən azından sonuncu pillədən qurtulmağa çalışacağıq”.
O, “Səbail”dən heç bir futbolçunun Azərbaycan millisinə dəvət almamasına da toxunub: “Hazırda yığmanın əsasını ilk “dördlük”də qərarlaşmış komandaların oyunçuları təşkil edir. Bu baxımdan heç kimin çağırılmaması normaldır. Komandamızdan kimlərin milliyə layiq olub-olmadığını açıqlamaq istəmirəm. Amma orada çox futbolçu ilə təmsil olunmaq istərdik”.
Baş məşqçi Yunanıstanın “Olimpiakos Volos” klubu ilə problem yaşayan Turan Manafovun məsələsinə də aydınlıq gətirib: “Bizim qorxduğumuz da bu idi. Ora gedəndə özünə də demişdim ki, Azərbaycan Premyer Liqasının reytinqi Yunanıstanın ikinci liqasından üstündür. İsrar etdiyi üçün şərait yaratdıq. Halbuki sol cinahda problemlərimiz var idi. Cavan oyunçudur, getmək istədi. Yaxşı ki, icarə əsasında göndərdik. Hazırda çətin anlar yaşayır”.
Hacıyev hazırda komandanın gücləndirməyin qeyri-mümkün olduğunu söyləyib: “Artıq dördüncü dövrəyə giririk. Növbəti mövsümdə daha yaxşı komanda formalaşdırmaqla bağlı müzakirələr olub. Yəqin ki, yaxın vaxtlarda hansısa məsələlər haqqında konkret danışa bilərik. Əcnəbi futbolçularla bağlı problemlərimiz var. Çox az sayda legionerimiz mövcuddur. Yerli futbolçuların daha çox olması da çətinlik törədir. Çünki yerlilər arasında seçim etmək asan deyil. Heyətə əcnəbi futbolçular cəlb etsək, mübariz kollektiv yaratmaq olar. Fasilədə yoxlama görüşləri də keçirmədik ki, əlimizdə olan oyunçular zədələnməsin”.
Heyətdə 3 qapıçının olduğunu xatırladan mütəxəssis hər birinin kifayət qədər şans qazandığını vurğulayıb: “Hüseynəli Quliyevin meydana çıxmaq vaxtı yetişib. “Sabah”la görüşdə bizi yaxşı mənada təəccübləndirmişdi. Düşünürəm ki, daha da inkişaf edə bilər. Gənc qapıçıdır, ona dəstək vermək istəyirik”.
Hacıyev komandadakı bütün futbolçular sınamaq istədiklərini əlavə edib: “Rahid Əmirquliyevin oynadığı mövqedə başqa oyunçularımız da var, onları da meydanda görmək istəyirdik. Əlbəttə, Rahid üç il əvvəl üçüncü yeri tutanda gördüyünüz futbolçu deyil. Mövsümdən-mövsümə oyununda fərq olacaq. Hər kəsə şans verməyə çalışırıq. Təcrübəli futbolçularımız da bunu anlayışla qarşılayır”.
Bizi Facebook-da izləyin