“Qarabağ” gözlədiyim kimi sürətli oyun oynamadı” – Qoran Simov
Şimali Makedoniyanın “Sileks” klubunun baş məşqçisi Qoran Simov UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
- Bu gün yaxşı oyuna baxdıq. “Qarabağ” yaxşı komandadır. Fikrimcə, biz də pis oynamadıq. Ağıllı oynamağa çalışdıq, 2-3 yaxşı imkanımız da oldu. “Qarabağ” elə komandadır ki, ona kiçik qol şansı versən, bundan istifadə edəcək. Komandamın sərgilədiyi oyuna şadam, amma məmnun olmadığım məqam hesabın böyük olmasıdır. Hakimlikdən də bir az narazı qaldım. “Qarabağ”a növbəti mərhələdə uğurlar diləyirəm və onları qrup mərhələsində görmək istəyirəm.
- Hakimin nəyindən narazı qaldınız?
- İkinci qol epizodunda cərimə olduğunu düşünürəm. Gözümün qabağında baş verən epizod idi. Qapıçı da deyirdi ki, mənə toxunuş var idi, mən tam görmədim, qapıçımız bunu mənə dedi.
- Dünən demişdiz ki, 40-50 gün siçan kimi yaşamaqdansa, bir gün aslan kimi yaşamaq yaxşıdır.
- Biz cəhd etdik. “Qarabağ” böyük komandadır, biz isə kiçik komandayıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Bəzi dəqiqələrdə onlara heç imkan vermədik ki, cərimə meydançamıza daxil olsun.
- “Qarabağ” təsəvvür etdiyiniz komanda idi, yoxsa izlədiyinizdən zəif idi?
- Kiçik zəiflik gördüm. Xüsusilə, mən baxdığım Abdullah Zubir çox güclü futbolçudur, amma bu gün elə də yaxşı çıxış etmədi. “Qarabağ” gözlədiyim kimi sürətli oyun oynamadı.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin