Reytinq: “Qarabağ” “Gent”i qabaqladı
“Qarabağ” klubların dünya reytinqində ötən ayla müqayisədə üç pillə geriləyib.
Komanda.az “Opta”-ya istinadən xəbər verir ki, Azərbaycan çempionu siyahının 69-cu pilləsində yer alır. Ağdam təmsilçisi 84,1 xala sahibdir.
Reytinqin ilk 100-lüyündə özünə yer tapan yeganə Azərbaycan təmsilçisi olan “Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent”i (Belçika) üstələyib. “Gent” hazırda 80,7 reytinq xalı ilə 138-cidir.
Azərbaycan Premyer Liqasında çıxış edən digər klubların da mövqeləri müəyyən olub. “Neftçi” (77,0) 244-cü, “Sabah” (75,5) 307-ci, “Zirə” (71,9) 615-ci, “Qəbələ” (71,7) 628-ci, “Turan Tovuz” (68,7) 992-ci, “Sumqayıt” (65,6) 1514-cü, “Şamaxı” (65,4) 1556-cı, “Kəpəz” (65,0) 1651-ci, “Səbail” (64,6) isə 1731-ci olub.
Elita təmsilçilərindən “Neftçi”, “Qəbələ”, “Turan Tovuz”, “Sumqayıt”, “Kəpəz” və “Səbail” irəliləyib, “Sabah”, “Zirə” və “Şamaxı” geriləyib.
13 515 komandanın yer aldığı cədvələ yenə Almaniya təmsilçisi “Bayern” (100) liderlik edir. “Mançester Siti” (98,7) ikinci yerdə qalıb. “Napoli” (96,0) üçüncü pilləyə qalxıb.
Bizi Facebook-da izləyin