“Qarabağ” Fransa klublarında oynamış futbolçunu transfer edə bilər!

UEFA Konfrans Liqasının pley-off mərhələsində çıxış edəcək “Qarabağ” klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Komanda.az-ın əldə etdiyi məlumata görə, “köhlən atlar” Tailand millisinin aparıcı üzvlərindən olan Tristan Do ilə maraqlanır.

Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən futbolçu “Qarabağ”da Marko Veşoviçi əvəzləməyə ideal variantlardan biri ola bilər. Məsələ burasındadır ki, Veşoviçin “Qarabağ”la müqaviləsi gələn ilin yayında başa çatacaq. Onun Ağdam klubu ilə yeni müqavilə bağlayıb-bağlamayacağı sual altındadır. Belədə, “Qarabağ”ın Tristan Doya marağı başadüşüləndir.

Do Fransada dünyaya gəlsə də, Tailand əsillidir. Hazırda o, ölkəsinin “Bangkok United” klubunda forma geyinir. 29 yaşlı futbolçu Tailandın ən istedadlı oyunçularından sayılır.

Tristan Fransa çempionatında da forma geyinib. O, 2011-2013-cü illər aralığında Fransanın “Loryan” klubunda çıxış edib. Daha sonra isə futbolçu 2013-14-cü illərdə Fransanın başqa klubunun – “Ayaçço”nun şərəfini qoruyub. Bundan sonra isə Do Tailanda qayıdaraq, karyerasını ölkəsində davam etdirib.
2015-ci ildən Tailand millisinə dəvət alan müdafiəçi yığmada 48 oyun keçirib.

Donun “Qarabağ”a keçidində ciddi problem olmamalıdır. Futbolçu özü də yenidən karyerasını Avropada davam etdirmək istəyir. “Qarabağ”ın daim avrokubokların qrup mərhələsində çıxış etməsi onun seçiminə təsir edə bilər.

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” klubu ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button