“Qarabağ” “Ferentsvaroş” səddini əzə-əzə keçəcək” – SORĞU

”Qarabağ” dünən UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın “Şkendiya” komandası üzərində 5:1 hesablı qələbə qazandı və pley-offa yüksəldi. Ağdam təmsilçisinin pley-offdakı rəqibi Macarıstanın “Ferentsvaroş” klubu olacaq.

Komanda.az bununla bağlı idman mediasında çalışan bəzi həmkarlarımız arasında sorğu keçirib və onlara iki sual ünvanlayıb:

1: Sizcə, “Qarabağ” Çempionlar Liqasının pley-offunda “Ferentsvaroş”u keçə biləcək?

2: “Şkendiya” ilə oyunlar sizdə hansı fikirləri yaratdı?

Ceyhun Əliyev (“sport24.az”):

“Qarabağ” Macarıstan təmsilçisini keçsə də, keçməsə də, bu, lokal uğur olacaq. Çünki istər ÇL, istərsə də AL-in bu mərhələsinə yüksəlmək Azərbaycan üçün fantastik nəticədir. Nə zaman ki, avrokubokların pley-offunda daha iki komandamızı sabit görəcəyik, liqa mərhələləri barədə daha tələbkar ola bilərik. Bunun üçünsə daha rəqabətli ölkə çempionatı gərəkdir.

“Şkendiya”nı əzib keçməyimiz artıq tarixdə qaldı. Məsələ onda deyil ki, “Ferentsvaroş” daha elitar komandadır. Sadəcə, istənilən oyun yeni kitabdır. Ona görə də, indidən qəti proqnoz vermək olmaz. O fikirlə də razılaşmıram ki, əcnəbi hücumçu yoxdursa, “Qarabağ” macarları keçə bilməyəcək. Dolayısı ilə, mərhələ keçilməsə belə, bunu bir mövqeyə bağlamağı səhv hesab edirəm. Konkret proqnoza gəliriksə, inanıram ki, Qurbanovun “drujina”sı bu ağır yükün öhdəsindən gələcək”.

Rasim Sultanzadə (“apasport.az”):

”Hələ ikinci təsnifat mərhələsinin ilk matçından öncə məndə necəsə inam yaranmışdı ki, “Qarabağ” bu mövsüm ÇL-in liqa mərhələsinə vəsiqə qazanacaq. “Şelburn” və “Şkendiya” matçlarında elə bir dəqiqə, an olmadı ki, bu inamım azalsın. Sağ olsun, Qurban Qurbanovun yetirmələri, hər iki turda hissiyatımda yanılmadığımı göstərdilər. İşin 70 faizi görüldü, indi son bir təkan verib, ÇL qapılarını möhkəm zərbə ilə açmaq, yenidən qitənin ən nüfuzlu futbol turnirində “Qarabağ” adını xatırlatmaq vaxtıdır. Uşaqlar “Ferentsvaroş” səddini məndə də olan həmin inancla, əzə-əzə keçəcəklər. Eyforiyaya qapılmadan, təmkinlə, səbirlə, sağlıqla bu mərhələni keçib, illər sonra yenə Bakıda Avropa nəhənglərini qəbul edəcəyimizi düşünürəm. Macarlar bir dəfə “köhlən atlar”ın “sillə”sinə məruz qalıb. Hücumçu transferini pley-offa qədər çatdırsaq, lap əla. Çatmasa belə, inanıram ki, liqa mərhələsində heyəti daha güclü “Qarabağ” görəcəyik. Təmsilçimizə uğurlar!”

Əli Sahib (“fanat.az”):

“Çətin oyun olacaq, ancaq mümkündür. Tanış rəqibdir, lakin əvvəlki qədər rahat oyun olmayacaq. Bu qənaətə gəlməkdə əsas səbəbim, “Qarabağ”ın son üç oyununa baxsaq, komandanın fiziki baxımdan yaxşı formada olmadığını görərik. Artıq təlim-məşq toplanışında yüklənmədən sonra bərpa prosesinin uğurla getdiyini hiss edə bilərik. Dünənki oyun da “Qarabağ”ın tam formada olmasına yaxın olduğunu göstərir. Nəzərə alsaq ki, bir həftə də vaxt var, Ağdam təmsilçisi fiziki formasını daha da yaxşılaşdıracaq. Bildiyimiz kimi, çempionatdakı oyunlar da təxirə salınıb. Komandanın kifayət qədər vaxtı var. “Qarabağ”dan daha baxımlı, sürətli oyun gözləyirəm. İnanıram ki, sevinən tərəf “Qarabağ” olacaq”.

Nəzrin Kazımlı

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button