“Qarabağ” fanatı necə “Neftçi” azarkeşi ola bilər?

Əmir

Futbol azarkeşliyi mədəniyyətdir və birdən-birə formalaşmır. Bu mədəniyyətin formalaşmasında bir çox faktorlar rol oynayır – milli, siyasi, regional hətta dini faktorlar. Azarkeşlik mədəniyyətinin formalaşmasında çoxunun düşündüyü kimi, uğur faktoru da ciddi rol oynamır. Bu, daxildən, ailədən, ətrafdan yaranan-gələn bir mədəniyyətdir. Bu gün Avropada London kimi böyük futbol şəhərində nəhəng “Arsenal”, “Çelsi” kimi komandalarla yanaşı, ötən mövsümdə Çempionşipdə mübarizə aparan “Fulhem”ə də kifayət qədər dəstək verən azarkeşlər mövcuddur. Onları bu komandaya bağlayan nəticələr yox, məhz ənənələrdir. Yuxarıda vurğuladığım ənənələr. Bu ənənələri isə dəyişmək çox çətin, hətta deyərdim mümkünsüzdür.

Dünən Avropa Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atıldı. İlk mərhələdə Şimali Makedoniya təmsilçisi “Şkupi”ni çətinliklə (2:1) mübarizədən kənarlaşdırmış “Neftçi”nin bəxtinə qardaş Türkiyə nəhəngi “Qalatasaray” çıxdı. Azərbaycanlı futbol həvəskarlarının Türkiyə klublarına, xüsusilə, 2000-ci ildə UEFA kubokunu qazanan “cim-bom”a məhəbbəti heç kimə sirr deyil. Bəziləri bunu (yəni başqa ölkə təmsilçisinə azarkeşliyi) qeyri-adi, anormal hesab etsə də, şəxsən mən bunda ciddi nöqsan görmürəm. Yuxarıda vurğuladığım kimi, azarkeşliyi formalaşdıran bir çox təbii səbəblər var ki, uğura ac olan azərbaycanlı azarkleşlərin 90-cı illərdə ölkə futbolunda hökm sürən məğlub psixologiyası fonunda Avropanı fəth etmiş qardaş millətin təmsilçisinə sevgisini, simpatiyasını başa düşmək çətin deyil. Üstəlik, Azərbaycanda futbolsevərlər arasında yerli yox, xarici ölkə təmsilçilərinə azarkeşliyin daha çox (hətta qat-qat çox) olduğu da heç kimə sirr deyil və uzun müddətdir ki, demək olar, hər kəs tərəfindən qəbul olunub. Belə olan halda, azərbaycanlı futbol azarkeşinin “Milan”a, “Barselona”ya, “Bavariya”ya və ya “Mançester Yunayted”dənsə, eyni kökdən gəldiyi, “bir millət, iki dövlət” adlandırdığımız qardaş Türkiyə təmsilçisinə azarkeşlik etməsi daha normal qarşılanmalıdır.

Bu yazını yazmağıma əsas səbəb azərbaycanlı futbol azarkeşlərinin Türkiyə təmsilçilərinə olan sevgisini müzakirə etmək və ya haqlı çıxarmaq deyil. Səbəb dünənki püşkatmadan sonra sosial şəbəkədə “Neftçi” yoxsa “Qalatasaray”a azarkeşlik edəcəksiz” sualının doğurduğu müzakirə və müzakirənin fonunda yerli klubla müqayisədə qardaş ölkə təmsilçisinə azarkeşlik edəcəyini deyən insanların qınanması, tənqid olunmasıdır. Düzü, məsələyə sırf azarkeşlik kontekstindən yanaşsaq, bu cür münasibət çox qəribə görünür. Xüsusilə də, sosial şəbəkədə bu cür sorğulara “Neftçi” cavabını verdikdən sonra “Qarabağ” azarkeşi olduğunu vurğulayanların mövqeyi ikiqat maraqlı idi.

Avropanın heç bir futbol ölkəsində bu cür halın şahidi ola bilməzsiz. Təsəvvür edin, “Seltik”lə “Liverpul” oynayır və bir ingilis azarkeş bu oyunda “qırmızılar”a azarkeşlik edəcəyini bildirdikdən sonra “Everton” fanatı olduğunu qeyd edir. Qəribə gəldi, hə? Məncə də, qəribədir. Bilirəm, indi bəziləri İngiltərə ilə Azərbaycanı müqayisə etməyin düzgün olmadığını, ingilsilərin həm millət olaraq, həm də futbol sahəsində sözlərini dediklərini, biz azərbaycanlıların isə hələ də dünyada özümüzü sübut edə biımədiyimizə görə hətta ən kiçik məqamda belə, milli birlik nümayiş etdirməli olduğumuzu deyənlər də tapılacaq. Bu cür fikir bildirənləri müəyyən qədər haqlı saymaq da olar, ancaq həmin şəxslər də bunu bilməlidir ki, bu cür münasibətlə də ölkədə azarkeşlik mədəniyyətini inkişaf etdirmək mümkün olmayacaq. Azərbaycanda azarkeşlik mədəniyyəti o vaxt inkişaf edəcək ki, bir “Everton”lu kimi, bir “Qarabağ”lı da avrokuboklarda əzəli rəqibə azarkeşliyi özünə sığışdırmayacaq.

Avrokuboklarda çıxış edən “Neftçi”yə, “Səbail”ə, “Keşlə”yə, lap elə “Qarabağ”ın özünə azarkeşlik etmək heç bir azərbaycanlının borcu deyil. Bu sahədə yeganə istisna kimi Azərbaycan millisini qeyd etmək olar. Hər nə qədər yadlaşdırma, milliləşdirmə siyasəti bu komandanı xalqdan uzaqlaşdırsa da, sırf Azərbaycan adına görə millini sona kimi dəstəkləmək hər bir azərbaycanlı futbol azarkeşinin borcudur.

“Neftçi”nin isə artıq sovetlər dönəmindəki kimi “milli komanda” funksiyasını daşımadığını nəzərə alsaq, kiminsə avrokuboklarda bu kluba azarkeşlik etmək istəməməsi və ya qardaş Türkiyə təmsilçisini dəstəkləməsi qınana bilməz.

Yuxarıda vurğuladığım kimi, azarkeşlik bir mədəniyyətdir. Bizdə bu mədəniyyətin formalaşması üçün isə “məcburi azarkeşlik”dən uzaqlaşmaq lazımdır. Avrokuboklarda çıxış edən klublara milli komanda münasibəti göstərilməsi və buna məcbur edilməsinə yol vermək olmaz. Hər nə qədər avrokuboklarda klublarımıza əsl klub azarkeşi kimi yox, milli təəssübkeşlik (buna kobud formada məcburi azarkeşlik də deyə bilərik) baxımından dəstək olacağıq, bu komandaların ölkə çempionatında bir-birinə qarşı matçları da millinin ikitərəfli oyunundan (azarkeş baxımından) heç nə ilə fərqlənməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button