“Qarabağ” fərqlənəndən sonra oyunumuzun balansı pozuldu” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 5-ci turunda doğma meydanda “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 1:3 hesabı ilə məğlub olduqları matçla bağlı bunları söyləyib:
“Oyun bizim üçün yaxşı başlamışdı. Meydanda gərgin mübarizə gedirdi. Bərabərsəviyyəli mübarizə getdi. Müəyyən ərazi üstünlüyü var idi. “Qarabağ” fərqlənəndən sonra oyunumuzun balansı pozuldu. Təhlükəli dəqiqələr idi. Üçüncü qol böyük hesablı məğlubiyyətə gətirib çıxara bilərdi. Amma futbolçularımız xarakter göstərdilər, bir qol vurdular. Çox çalışdılar, əllərindən gələni etdilər. “Qarabağ” bu gün bizdən daha yaxşı idi. Yorğun idik, itkilərimiz çoxdur. Bu oyunda da zədəlilərimiz oldu. Bu qədər problemin içində futbolçular sona qədər mübarizə apardılar. Keçirdiyimiz 12 oyunu dəyərləndirsək, futbolçuların çıxışından çox razı qalmışam. 4 oyuna altı xal yğmışıq. 2-3 gün yaxşı dincəlib, daha sonra fikrimizi çempionata verəcəyik.
Gücləri doğru qiymətləndirmək lazımdır. “Qarabağ” hamımızdan daha yaxşıdır. İllərdir ki, çəkdikləri əziyyətin bəhrəsini görürlər. Çalışıb mübarizə aparmaq olar. Hər şey uğurlu getsə, mübarizə aparmaq olar. Bu gün nə çatmadı? “Dinamo”nun (Zaqreb) şansı. Onlar qədər şanslı olsaydıq… “Qarabağ”ın qol epizodu olmayan hücumu qolla nəticələndi. “Qarabağ” üzərində qələbə qazanmaq üçün əlinə düşən epizodları qola çevirməlisən. İlk iki qolda dərhal bizi cəzalandırdılar. Belə olan halda, mübarizə aparmaq çətindir”.
Bizi Facebook-da izləyin