Diniyev “Sürix”lə oyun haqda – “Xətlər arasında əlaqə bərbad vəziyyətdədir, müdafiədə ağırlıq var”
AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyevin Komanda.az saytına müsahibəsi:
– Şahin bəy, “Qarabağ”ın dünənki oyununu yəqin ki, izlədiz. Fikirləriniz necədir?
– Bəli, oyunu izlədim, fikirlərim müsbətdir. Birinci və ikinci hissə arasında fərq oldu. Belə oyunlarda hər zaman bu cür olur. “Qarabağ” ilk dəqiqələrdən meydançanın “Sürix”ə aid hissəsində pressinq edib, qol vurmaq istədi və arzusuna çatdı. 2:0-dan sonra daha çox hesabı və əks-hücumlarda komandanı qorumağa çalışdılar. “Sürix” öz gücünü ikinci hissədə göstərə bildi. Mənə elə gəlir ki, “Qarabağ” dünən yaxşı oyun nümayiş etdirdi. Komandamızın 90 dəqiqə ərzində pressinq etməsi qeyri-mümkündür. Oyunun hansısa hissələrində bunu etdilər və uğurlu alındı. Ümumiyyətlə, oyun haqqında fikirlərim müsbətdir. “Qarabağ” birinci rolda çıxış etdi və oyunu əlində saxlamağa çalışdı. Oyun üstünlüyü, topla təmas, topa nəzarət daha çox “Qarabağ” da idi. Təhlükəli qol epizodlarında “Qarabağ” “Sürix”dən daha üstün idi. Layiqli qələbə qazandı, amma daha sanballı qələbə qazana bilərdi. “Qarabağ” oyunda çox müsbət şeylər etdi, “köhlən atlar”ı cütün favoriti saymaq olar.
– Bəzi futbol mütəxəssisləri oyundan sonra dedilər ki, “Qarabağ” hansısa məqamda oyunçu dəyişikliyinə getməsəydi, hər şey daha yaxşı ola bilərdi. Siz nə deyə bilərsiz bu haqda?
– Xeyr, mən deməzdim ki, əvəzetmələr oyunu korladı. Əvəzetmələr oyunu sürətləndirib, yüksək səviyyəyə çatdırmasa da, aşağı səviyyəyə də salmadı. Meydana çıxanlar oyuna ziyan gətirəcək bir şey etmədilər. 90 dəqiqə pressinq etməyi nəinki “Qarabağ”, heç top klublar da edə bilməz. Meydançanın rəqibə aid hissəsində topu qarşılayıb pressinq etməyə çalışırdılar, bu səbəbdən güc itirirdilər. Yəni əvəzetmələr normal sayıla bilər. Eyni zamanda, əvəzetmələr oyunun tempini saxlaya bildi.
– “Qarabağ” doğma meydanda 3:2 hesabı ilə qalib gəldi. Ancaq qarşıda cavab qarşılaşması var. Cavab oyunundan gözləntiləriniz nədir?
– “Qarabağ”ı cütün favoriti saymaq olar. Nəyə görə? Hesabı qoyaq bir kənara, oyun baxımından “Qarabağ” “Sürix”i üstələyirdi. “Sürix”in baş məşqçisi yenidir. Görünür ki, yeni məşqçinin sisteminə oturuşmayan futbolçular var. Bu səbəbdən, xətlər arasında əlaqə bərbad vəziyyətdədir, müdafiədə ağırlıq var. “Sürix”in çox problemləri var. “Qarabağ” həm sürət, həm də texnika baxımından “Sürix”dən üstündür. Nə qədər ki, “Sürix” sabit oyununa gəlib çatmayıb, istifadə etmək olar. Məncə, “Qarabağ”ın mərhələni keçmək şansı çox yuxarıdır. Mən bu sözü oyuna baxıb deyirəm. Onların ləng müdafiəçiləri var. Müdafiə olunduqda mövqe səhvlərinə yol verirlər və sürət baxımından “Qarabağ”dan çox geri qalırlar. Sürətli oyunçular sayəsində “Qarabağ” İsveçrədə daha yaxşı oyun göstərəcək. “Sürix“ məcburdur irəli getsin. İrəli getdikcə “Qarabağ”ın çoxlu boş zonaları olacaq. O boş zonalardan hər bir oyunçu – başda İbahima Vadji olmaqla – sürət hesabına “Sürix”i yerində otuzdura bilər.
– Sizcə, “Qarabağ” cavab matçında hansı sistemdə oynamalıdır?
– “Qarabağ”ın bir sistemi var və həmin sistem onlara uyğundur. Müdafiəni hücumda başlamaq sistemi var ki, “Qarabağ” hücum edərkən müdafiə olunur. Bütün oyunun gedişini rəqibin meydanı tərəfə keçirir, bu da onların üstünlüyüdür. Bu sistemdə də qalmalıdırlar.
“Qarabağ”ın uğurlu bir heyəti var. Uğurlu komandanın heyətini dəyişməmək futbolun yazılmamış qanunudur. “Qarabağ” dünənki heyəti ilə göstərdi ki, “Sürix”dən üstündür. Bunu dəyişməyə ehtiyac yoxdur.
– “Qarabağ” bu mərhələni keçə biləcək?
– “Qarabağ”ın bu mərhələni keçmə şansı çox yüksəkdir. Mən deyərdim ki, “Qarabağ”ın göstərdiyi futbol və komandaların arasındakı fərqə baxsaq, 70 faiz şans var. “Qarabağ” “Sürix”də olan problemlərdən istifadə etdi və ikinci oyunda da istifadə edəcək. “Sürix”İn oturuşmuş heyəti yoxdur. Həm də, həftəarası çempionatda iştirak edəcəklər. Fiziki cəhətdən də “Qarabağ” onlardan daha güclü olacaq.
Bizi Telegramda izləyin
Mehri Qurban
Bizi Facebook-da izləyin