“Qarabağ” çox yaxşı komanda olduğunu göstərdi” – Moutinyo
“Braqa” klubunun futbolçusu Joau Moutinyu “Qarabağ”a 2:4 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışıb.
Komanda.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi zəif çıxış etdiklərini etiraf edib:
“Nə qələbəyə, nə də heç-heçəyə layiq idik. Çempionatda “Sportinq”ə məğlubiyyətdən sonra burada başqa cür oyun göstərmək istəyirdik. Təəssüf ki, bacarmadıq. Başda mən olmaqla, hər kəs daha çoxunu etməlidir. Təkcə sözlə deyil, meydanda hərəkət etməklə nəyəsə nail ola bilərik. Əlimizdən gələni etməli və həmişə 100 faiz gücümüzü ortaya qoymalıyıq. Bütün oyunlar son dərəcə çətindir. Rəqiblərin daha çox istəmələrinə imkan verə bilmərik. Söhbət təkcə keyfiyyətdən getmir. Bu, istəkdə, iradədə özünü göstərməlidir.
Bilirdik ki, oyun 1:4 bitsə, hər şey çox çətin olacaq. İstənilən halda, vəziyyət indi də çətindir. İkinci qol, sadəcə, ümid yaratdı. Lakin geridönüş üçün səfərdə daha çoxunu etməliyik. “Qarabağ” Avropa Liqasında çox yaxşı komanda olduğunu göstərdi. Mərhələ adlamaq üçün böyük inamları var. “Qarabağ”a fərqli münasibət göstərməliyik”.
Komandalar arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bizi Facebook-da izləyin