“Qarabağ” çempionatda ayrı dünya kimidir” – MÜSAHİBƏ
“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Xorvatiya mətbuatına müsahibə verib.
Komanda.az xəbər verir ki, “index.hr” portalına danışan xorvatiyalı mütəxəssis Azərbaycan Premyer Liqasındakı rəqabətdən, “Sabah”a baş məşqçi təyin olunmasından danışıb:
– Azərbaycanda həyatınız necə gedir?
– Yaxşıdır. Bakı insana lazım gələn hər şeyə malik olan Avropa şəhəridir. Futbol şəraiti də yaxşıdır. 10 komandadan 7-8-i çox yaxşı stadiona və şəraitə malikdir. Bizim stadionun 13 minlik tamaşaçı tutumu var və bütün tribunaların üstü örtülüdür. Məşq etdiyimiz ehtiyat meydança da var.
– Ümumiyyətlə, necə alındı ki, “Sabah”la müqavilə imzaladız?
– Təsadüf nəticəsində alındı. Bəlkə də, elə olmadı. İşsiz olanda həmişə nəsə gözləyirsən. Dostumun sayəsində təsadüfən “Sabah”ın nümayəndələri ilə tanış oldum. Məni görüşə çağırdılar, Bakıya uçdum və tez bir zamanda işbirliyimiz alındı. “Sabah”dakı durum əvvəlki baş məşqçinin gedişindən sonra qeyri-adi idi. O, mövsümün ikinci hissəsində komandadan ayrılmışdı. Onlara məşqçi lazım idi. Bu, əlbəttə ki, heç bir məşqçi üçün ideal vəziyyət deyil.
– Özünüzlə Bakıya kimi apardız?
– “Jrinski”də mənimlə birlikdə olan eyni adamları. Bu, köməkçim Saşa Sabljak, fiziki hazırlıq üzrə məşqçimiz Domaqoy Periçdir. Analitik Filip Lekiçin də bir aydan sonra bizə qoşulacağına ümid edirik. Oyunçu heyəti ilə bağlı isə heç bir problem yox idi, əvvəlki məşqçi kollektivi yığa bilib.
– Heyətin əksəriyyətini azərbaycanlı futbolçular təşkil edir. Amma ispanlar, nigeriyalılar da komandada yer alıb, Lüksemburqdan da bir futbolçunuz var. Onlarla necə ünsiyyət qurursuz?
– Ünsiyyət ingilis dilində aparılır. Bunu bir az daha yaxşı başa düşən və başqaları üçün tərcümə edən oyunçularımız var. Bizim iki tərcüməçimiz var: biri ingilis dilindən, digəri ispan dilindən tərcümə edir. Bu, xüsusilə oyun zamanı verilməsi lazım olan təlimatlar zamanı ideal vəziyyət deyil. Sən nəsə deyirsən, başqası tərcümə edir.
– Komandanızda ən böyük ad İshak Belfodildir. O necə futbolçudur?
– Onun təsirli karyerası var, müstəsna keyfiyyətlərə malikdir və istənilən komandaya kömək edə bilər. Belfodil bizim üçün faydalıdır, ümid edirəm ki, sona qədər belə qalacaq. Onun səviyyəsi hər hərəkətində nəzərə çarpır. Belfodil 5-6 il əvvəlki kimi güclü deyil, amma yenə də çox yaxşı oyunçudur.
– Çempionatın bitməsinə 4 tur qalmış avrokuboklara vəsiqə verən mövqedən cəmi bir xal uzaqdasız. Son iki turda komandanızı “Neftçi” və “Sumqayıt”la iki vacib görüş gözləyir. Klubda sizə təzyiq var?
– Mən heç bir təzyiq hiss etmirəm. İşimizdən maksimum nəticə əldə etmək istəyirik. Məqsədimiz ikinci yeri tutmaqdır, çünki bura Avropa Liqasına vəsiqə verir. Yarış bərabər səviyyədə gedir. Ancaq çətin şərtimiz var: dörd matçdan üçünü səfərdə oynayacağıq.
– Çempionatdakı digər komandaların səviyyəsi necədir? “Qarabağ” onlardan fərqlənir?
– “Qarabağ” çempionatda ayrı dünya kimidir. Onlar ən yaxşıdır, rəqabətdən də kənardırlar. Amma biz onları məğlub edə bilmişdik. “Qarabağ”la matçda qolla nəticələnən iki zərbə ilə meydanı tərk edirsənsə, demək ki, yaxşı oynamısan. Qalan komandalar onlardan geri qalır. Amma asan oyun yoxdur.
Bizi Facebook-da izləyin