“Qarabağ” çətin və güclü rəqibdir” – “Gent”in baş məşqçisi
Belçikanın “Gent” klubunun baş məşqçisi Heyn Vanhazebruk UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirəcəkləri oyunlar haqda yerli mətbuata açıqlama verib.
Komanda.az xəbər verir ki, 58 yaşlı mütəxəssis bildirib ki, İtaliya “Latsio”su istisna olmaqla, digər 7 mümkün rəqibin hamısı eyni səviyyəli komandalardır:
“Qarabağ” çətin və güclü rəqibdir. Rəqibin kimliyi heç vaxt mənim üçün əhəmiyyət kəsb etmir. Çünki bu mərhələdə zəif komanda yoxdur”.
Belçikalı baş məşqçi “köhlən atlar”ın 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində çıxış etdiyini xatırladıb:
“Bu mövsüm isə Polşa, İsveçrə və Macarıstan çempionlarını mübarizədən kənarlaşdırıblar. Təkcə bu amillər rəqibin gücündən xəbər verir”.
Vanhazebruk Bakıya uzun səfərin onları narahat etmədiyini bildirib:
“Əvvəllər də belə səyahətlərimiz olub. Məsələn, bu, Kiprə səfərimizdən bir saat uzun çəkəcək. Biz öz səyahət cədvəlimizə mükəmməl uyğunlaşa bilərik”.
“Qarabağ” “Gent”ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab oyununu isə fevralın 23-də səfərdə keçirəcək.
Bizi Facebook-da izləyin