“Qarabağ” “böyük beşlik” komandalarından geri qalmır”
“Sumqayıt”ın məşqçisi Mübariz Orucov Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verirki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:
“Matç, atmosfer, azarkeşlər möhtəşəm idi. Fanatlara təşəkkür edirəm. Çağırış edirəm ki, bütün oyunlarda belə atmosfer yaratsınlar. Futbolçular da bu gün möhtəşəm oynadı. “Qarabağ”la matçda bu dönəmdə 3 xal qazanmaq vacib idi. “Qarabağ”a avrokuboklarda uğurlar arzulayıram. Həmişə Azərbaycanı layiqincə təmsil ediblər. Bundan sonra da onlara uğurlar arzulayıram.
Xəyal Fərzullayev haqda danışmaq istəyirdim. Debüt etdi, özü də “Qarabağ” kimi rəqiblə oyuna çıxmışdı. Oyundan sonra alnından öpdüm. Bəli, Orxan Sadıqlı da var idi. Amma qapıçı məşqçisi və Samir Abasovla da məsləhətləşdik ki, Xəyala şans verək. Özünü də doğrultdu. Xəyalı təbrik edirəm, debütünü möhtəşəm qələbə ilə qeyd etdi.
Gündə bir neçə dəfə Samir Abasovla əlaqə saxlayırdıq. O, bizə tapşırıqlarını verirdi. Düzdür, komandanı oyuna mən çıxarmışdım, amma bu Samir Abasovun komandasıdır, onun əziyyətidir. Həftəboyu danışmışıq, məsləhətləşmişik. İspaniyada olsa da, sanki bütün günü bizimlə idi.
Bu gün Avropanın ən güclü komandalarından birinə qarşı oynadıq. Futbolçulara oyundan qabaq dedim ki, avrokuboklarda oynamaq istəyiriksə, “Qarabağ” elə ən yaxşı rəqibdir. Bu dəqiqə onlar “böyük beşlik” komandalarından geri qalmır. “Qarabağ”la oynamağı bacarırıqsa, demək ki, avrokuboklarda da yaxşı çıxış edə bilərik. Bunu futbolçular dərk edirlər”.
Bizi Facebook-da izləyin