APOEL – “Qarabağ”: Ya xal almaq, ya da… xal almaq!
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda APOEL-lə qollu bərabərə qalıb – 2:2.
Hazırda 9 xalla “Sevilya”nın başçılıq etdiyi A qrupunda Ağdam təmsilçisi 4 xalla 2-ci sırada qərarlaşıb. 3-cü yeri 3 xalla Lüksemburq “Düdelanj”ı, son sıranı isə 1 xalı olan APOEL tutub.
Avropa Liqasının qrup mərhələsinin başa çatmasına isə sadəcə 3 tur qalıb. Bəs “Qarabağ”ın Avropa Liqasında qrupdan çıxmaq şansları necədir?
“Köhlən atlar”ın növbəti oyunu APOEL-lə səfərdədir. Ağdam təmsilçisi bu oyundan qələbə ilə ayrılsa, xallarının sayını 7-yə yüksəldəcək. Həmin turda Lüksemburqda “Düdelanj”la qarşılaşacaq “Sevilya”nın xal itirəcəyi elə də inandırıcı görünmür. “Qarabağ”ın APOEL-i, “Sevilya”nın “Düdelanj”ı məğlub edəcəyi təqdirdə, 4-cü turdan sonra artıq xallar müvafiq olaraq 12, 7, 3 və 1 olacaq. Belə olan halda, “Qarabağ”a geridə qalan 2 turda sadəcə bir qələbə növbəti tur üçün kifayət edəcək.
“Qarabağ” 4-cü turun APOEL-lə səfər oyununda məğlub olarsa, qrupun vəziyyəti bir qədər dəyişəcək. Belə ki, “köhlan atlar” Kiprdə məğlub olsa, APOEL-lə xallar bərabərləşəcək. Hər iki komandanın aktivində 4 xal olacaq. “Sevilya” isə “Düdelanj”la heç-heçə etsə, lüksemburqluların da artıq 4 xalı olacaq. Bundan sonra artıq “Qarabağ” da 5-ci və 6-cı turda həm “Sevilya”nı, həm də “Düdelanj”ı məğlub etsə, APOEL də eyni zamanda son 2 turda da qələbə qazanarsa, artıq Azərbaycan çempionu ilə Kipr klubunun xalları eyni olacaq və şəxsi oyunlarda qələbə qazanmış olan APOEL qrupdan çıxacaq.
“Qarabağ”ın səfərdə APOEL-lə mümkün heç-heçəsi də qrupdakı şansların “köhlən atlar”ın özündən asılı olmasına gətirəcək. Belə ki, Kiprdən 1 xalla ayrılacaq Qurban Qurbanovun komandasının 5 xalı olacaq, APOEL-in isə 2. “Düdelanj”ın isə “Sevilya”dan xal alması çətindir, amma əldə olunacaq 1 xal, qrupda “Düdelanj”ın da iddiasını qaldıracaq. Bu zaman “Qarabağ”ın 5, “Düdelanj”ın 4 xalı olacaq. Geridə qalan iki turda “Qarabağ” “Düdelanj”ı udub, “Sevilya”ya uduzsa, xallarını 8-ə yüksəldəcək. APOEL də iki turda da qələbə qazansa – həm “Sevilya”nı, həm də “Düdelanj”ı udsa, yenə eyni xal durumu yaranacaq. Bu dəfə də şəxsi oyunlar nəzərə alınacaq, onlar da bərabər olsa, qrupda vurulan və buraxılan toplar nəzərə alınacaq. Hazırkı vəziyyətdə “Qarabağ”ın top nisbəti 6-6, APOEL-də isə 5-7-dir.
Növbəti turlarda qazanıla biləcək xalları nəzərə alsaq, “Qarabağ”ın Kipr səfərindən qələbə ilə qayıtması, demək olar ki, qrupdan çıxmasını təmin edəcək. Ancaq mümkün məğlubiyyət vəziyyəti APOEL-in xeyrinə dəyişə bilər. Bu oyunlarda isə əsas, hansı komandanın “Sevilya”dan xal alması və ya hansının “Düdelanj”la görüşdə xal itirməməsi olacaq.
Bir sözlə, “Qarabağ” üçün “düyün” Kiprdəki oyundur. Ağdam komandası APOEL-lə səfər oyununda ən pis halda heç-heçə etməlidir. Əks halda, “köhlən atlar”ın taleyi təkcə öz əlində yox, “Sevilya”nın və “Düdelanj”ın da əlində olacaq.
Avropa Liqasında 4-cü tur
7 noyabr
APOEL – Qarabağ
Düdelanj – Sevilya
Avropa Liqasında 5-ci tur
29 noyabr
Sevilya – Qarabağ
Düdelanj – APOEL
Avropa Liqasında 6-cı tur
12 dekabr
Qarabağ – Düdelanj
APOEL – Sevilya
Komanda.az
Bizi Facebook-da izləyin