“Qarabağ” 1/8 finalın bir addımlığında: Daha böyük sensasiya olub?

Əmir

Sensasiya insanlar üçün həmişə cəlbedici olub. İstər izlənən hansısa filmdə, istər oxunan kitabda, istərsə də idmanda. Gözlənilməz nəticələr həmişə idmana, həmçinin idmanın şahı hesab edilən futbola xüsusi bir rəng, cəlbedicilik qatıb. Dünyanın ən çox izlənən idman növündə sensasiyaya imza atmış komandalar (AÇ-2004-də çempion olan Yunanıstan millisi kimi sıxıcı futbol sərgiləyən kiçik istisnaları çıxmaq şərti ilə) adətən neytral futbol azarkeşlərinin də sevgisini, rəğbətini qazanmış olur. Çox güman, hər birimizdə azarkeşlik etmədiyimiz iki komanda qarşılaşarkən şansı daha az olana kiçik də olsa rəğbət hissi olub. Daha zəif qəbul olunanların, daha kasıb olanların qalibiyyəti həmişə bir rəğbət hissi yaradıb.

Bu uğurlar insanlarda sanki həyatda heç nəyin mümkünsüz olmadığı, ən çətin problemlərin öhdəsindən də müəyyən güc sərf etməklə gəlməyin mümkün olduğu hissini yaradır. Bu günlərdə bütün ölkə futbolsevərlərini qələbə ilə sevindirən “Qarabağ” kimi. Ağdam təmsilçisi ölkə futbolunun indiki halında nəinki Azərbaycan, Avropanın bir çox kiçik futbol ölkəsi üçün ilham mənbəyi olacaq bir uğura imza atmaqdadır. Növbəti böyük uğura cəmi bir addım qalıb. Bunun üçün “köhlən atlar” sabah Portuqaliyada qazanılmış möhtəşəm zəfərin davamını gətirməli, “Braqa” səddini adlamalıdır. Bu məsul oyun ərəfəsində, “Qarabağ”ın timsalında sensasiyanın memarı kimi yuxarıda vurğulanan rəğbətin şahidi olmaqdayıq.

Bəs “Qarabağ” sabah 1/8 finala adlasa, bu nə dərəcədə böyük sensasiya olacaq? Avropa Liqasının yaxın keçmişində oxşar nəticəyə imza atan kiçik futbol ölkəsi təmsilçisi olubmu? Bunun üçün Avropa Liqasının son 10 mövsümündə 1/8 finala hansı sürpriz adların vəsiqə qazandığına nəzər salaq…

Başlayaq, 2013/14-cü illər mövsümündən. Bu mövsümün 1/8 final mərhələsinə adlayan klublar arasında xüsusi gözlənilməz qonağa rast gəlmirik. Bəlkə də, müəyyən qədər avrokuboklarda ciddi nəticə ilə yadda qalmayan, hazırda fəaliyyətini dayandırmış Rusiya “Anji”si, Bolqarıstan “Ludoqorets”i və Çexiya “Viktoriya”sının adını çəkmək olar. Amma “Anji”nin təmsil etdiyi Rusiyanın UEFA-dakı əmsalını, “Viktoriya” üçün isə bu mərhələnin heç də yenilik olmadığını nəzərə alsaq, bunun o qədər də gözlənilməz olmadığını deyə bilərik. Yalnız “Ludoqorets” tarixində ilk dəfə bu mərhələyə vəsiqə qazanaraq, hər kəsi yaxşı mənada təəccübləndirməyi bacarmışdı.

2014/15-ci il mövsümündə 1/8 final iştirakçılarıın siyahısına nəzər salanda ciddi sensasiya yaradacaq ada rast gəlmirik. Düzdür, həmin mövsümdə “Qarabağ”la bir qrupda yer almış Ukrayna “Dnepr”ini bir qədər sürpriz ad saymaq olardı. Lakin qrupda Ağdam təmsilçisinə məğlub olmuş Ukrayna klubunun əsas sensasiyası 1/8 finala vəsiqə qazanması yox, finala qədər irəliləməsi oldu. 1/8 finalın digər sürpriz adı isə Moskva “Dinamo”su olmuşdu. Lakin həm ukraynalıların, həm də rusların təmsil etdikləri ölkələrin UEFA reytinqini nəzərə alanda, bu nəticənin heç də gözlənilməz olmadığının şahidi olarıq.

2015/16-cı il mövsümündə yalnız Praqa “Sparta”sını (Çexiya) nisbətən gözlənilməz sima saya bilərik. Amma “Slaviya” ilə birlikdə çex futbolunun flaqmanı hesab edilən komandanın bu mərhələyə vəsiqə qazanması Avropa futbolunda ajiotaj yaratmadı. Hər halda, söhbət futbol ölkəsi olan Çexiyanın tarixi klublarından birindən gedirdi. Maraqlıdır ki, həmin mövsümdə Praqa təmsilçisi 1/8 finalda “Latsio”nu da məğlub edərək 1/4 finala vəsiqə qazanmışdı.

Növbəti – 2016/17-ci il mövsümündə bu mərhələdə “Krasnodar”, “Rostov” kimi yeni adların şahidi oluruq. Lakin hər iki klubun kifayət qədər yüksək reytinqli Rusiya çempionatını təmsil etdiyini nəzərə alsaq, burda hansısa gözlənilməzlikdən söhbət getmədiyinin şahidi olarıq.

2017/18-ci il mövsümündə 1/8 final iştirakçılarının siyahısına nəzər saldıqda, yenə oxşar, Avropa futbolunun aparıcı ölkələrinin təmsilçilərinin şahidi oluruq. Nisbətən gözlənilməz nəticə kimi Çexiya “Viktoriya”sını göstərmək olar. Ancaq bu klubun əvvəllər də oxşar nailiyyətə imza atdığını da qeyd etməliyik.

2018/19-cu il mövsümündə 1/8 final iştirakçıları arasında “çağırılmamış qonaq” tapmaq müşkül məsələdir. Nisbətən gözlənilməz iştirakçı kimi “Krasnodar” (Rusiya), “Dinamo” (Xorvatiya) və “Slaviya”nı (Çexiya) saymaq olardı… Lakin əvvəlki mövsümlərlə bağlı qeydlərimizdən də aydın olur ki, adıçəkilən klubların bu mərhələyə qədər irəliləməsi sensasiya yox, reallıqdır. Bu klubların adları sadəcə, 1/8 finala vəsiqə qazanmış “böyük beşlik” ölkə təmsilçiləri ilə müqayisədə o qədər də cəlbedici görünməyə bilər… Maraqlıdır ki, ikinci dəfə bu mərhələyə vəsiqə qazanan “Krasnodar”ın həmin dövrdəki baş məşqçisi hamımıza yaxş tanış olan Murad Musayev idi.

2019/20-ci il mövsümündə Avstriyanın LASK klubu yaxşı mənada hamını təəccübləndirməyi bacardı. Bu ana qədər sadaladıqlarımız arasında “Ludoqorets”lə birlikdə ən böyük sensasiyaya məhz Lints təmsilçisinin atdığını tam əminliklə deyə bilərik. Lakin avstriyalıların macərası məhz bu mərhələdə, özü də darmadağınla sona yetdi. LASK-ı Avropa nəhəngi “Mançester Yunayted” dayandırdı (5:0, 2:1).

2020/21-ci illər mövsümündə nisbətən gözləniməz nəticəyə Zaqreb “Dinamo”su və Norveçin “Molde” klubları imza atdılar. “Molde”nin 1/16 finalda Almaniya təmsilçisi “Hoffenhaym”ı sıradan çıxarması xüsusilə gözlənilməz olmuşdu. “Dinamo” isə bir az da irəli gedərək, 1/8 finalda İngiltərə “Tottenhem”ini mübarizədən kənarlaşdıraraq 1/4 finala vəsiqə qazandı. Burada isə yollarını İspaniyanın “Vilyarreal” klubu kəsdi.

2021/22-ci illər mövsümünün 1/8 final mərhələsi də Avropanın tanınmış klublarının və ya futbol ölkələrinin iştirakı ilə baş tutdu. Bu komandaların arasında nisbətən daha çox sensasiya kimi Serbiyanın “Srvena Zvezda” klubunu göstərmək olar ki, serb nəhənginin də bu mərhələyə qrup lideri kimi yüksəlməsinə diqqət yetirməyimiz bu istiqamətdə bütün suallara cavab verir.

2022/23-cü illər mövsümünün 1/8 finalına adlayan klublar arasında yeganə gözlənilməz nəticə kimi Macarıstanın “Ferentsvaroş” klubunu qeyd edə bilərik. Lakin macarlar da bu mərhələyə qrupdan birbaşa lider kimi yüksəlmişdi. 1/8 finalda isə “Ferentsvaroş”un yolunu Avropa Liqasının cari mövsümündən bizə yaxşı tanış olan “Bayer” kəsdi.

Yuxarıda qeyd edilənlərə nəzər salsaq, Avropanın ikinci ən nüfuzlu klub turnirində çox nadir hallarda kiçik futbol ölkəsinin komandasının daha yüksək mərhələlərə adladığının şahidi olarıq. Hətta 10 il ərzində yalnız “Ludoqorets” (Bolqarıstan), LASK (Avstriya), “Ferentsvaroş” (Macarıstan) və “Molde”ni (Norveç) bir qədər gözlənilməz iştirakçı adlandıra bilərik. Amma bu klubların təmsil etdiyi ölkələrə diqqət yetirdikdə, hətta bu sensasiyalarda belə müəyyən məntiq tapmaq olar.

Bəs bizdə? Avropanın futbol ölkəsi sayılmayan, hətta milli səviyyəsində daim autsayderlər sırasında görməyə adət edilən bir ölkənin rəqibləri ilə müqayisədə heç də böyük imkanlara malik olmayan təmsilçisi Avropa Liqasının 1/8 finalının bir addımlığındadır. Doğrudan da, nəinki ölkəmiz, həmçinin Şərqi Avropanın kiçik futbol ölkələri üçün böyük nailiyyətdir. Təki, gerçək olsun. Təki növbəti mövsümlərdə oxşar uğurlara avropalılar sensasya yox, reallıq kimi yanaşsınlar…

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button