“Qara Qarayevi “Zirə”yə gətirmək istəyirdik” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 7-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra keçirilmiş mətbuat konfransında bunları deyib:
“Vacib üç xal əldə etdik. Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Gələn turda səfər görüşüüz olacaq. Həmin oyuna fokuslanacağıq. Başımızı aşağı salıb, bildiklərimizi etməyə çalışırıq. Allah qoysa, daha yaxşı, daha möhkəm komanda olarıq. Stabilliyi qorumağa ehtiyac var. Təbii ki, bunu etmək asan məsələ deyil. Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanaraq ötən mövsümkü uğuru təkrarlamaqdır. İrəliyə baxmaq lazımdır”.
Sadıqov “Neftçi”dən ayrılan və hazırda azad agent statusu daşıyan Qara Qarayevin xidmətində maraqlı olub-olmadıqlarına dair suala da cavab verib, Emin Mahmudovun durumundan söz açıb:
“Qarabağ”dan ayrıldıqdan sonra Qaranı “Zirə”yə gətirmək istəyirdik. O, “Neftçi”yə keçdi və orada oynamağa qərar verdi. İndi isə elə vaxtda azad agent kimi qaldı ki… Təbii ki, onun kimi futbolçunu hər bir komanda heyətdə görmək istəyər. Sadəcə, indi bizdə onun mövqeyində 4-5 oyunçu var. Qara ilə bu il danışığımız olmayıb. Düzü, ötən mövsüm onu komandaya gətirməkdə israr edirdim. Lakin o, sonda “Neftçi”ni seçdi. Məni də sıxan müəyyən nüanslar var. Qara oynamalı olan futbolçudur. Hardasa qalmaq onun üçün yaxşı olmaz. Qara matçlarda iştirak etməlidir, iddialı futbolçudur. Qara ilə münasibətimiz qaydasındadır. Futbol haqda söhbətlərimiz də olur. Lakin transfer barədə onunla danışığımız olmayıb.
Emin Mahmudova gəlincə, onu da hər bir komanda heyətində görmək istəyər. Futbolda uğursuz periodlar olur. Kapitan kimi məsuliyyətin böyük hissəsi ona düşür. Məncə, Emin “Neftçi”də layiqli kapitan olub. Roman Qriqorçuk təcrübəli mütəxəssisdir. Məncə, Mahmudov yoluna davam etməlidir. Bizi əvvəlki oyunları ilə sevindirməlidir”.
Bizi Facebook-da izləyin