Qara Qarayev: “Qarabağ”dan daha fərqli paylaşım gözləyirdim” – MÜSAHİBƏ

“Məğlub da ola bilərik, qələbə də qazana bilərik. Belə şeylər mənim həyat fəlsəfəmə müdaxilə etməyəcək. İdman prinsiplərinə əsasən, artıq hər şeyə normal yanaşıram. “Neftçi”də uduzduğumuz zaman başqa nələrsə düşünməyəcəyəm. Gəldiyim gündən bu ana qədər qərarımla bağlı heç vaxt tərəddüdüm olmayıb. Düşünürəm ki, hər şey mənim karyeram üçün yaxşı olacaq.

Bu sözləri “Neftçi”nin futbolçusu Qara Qarayev Komanda.az-a açıqlamasında deyib. O, “ağ-qaralar”ın “Braun” brendi ilə əməkdaşlıq müqaviləsinin müddətini bir il daha uzadılması mərasimi ilə bağlı baş tutan tədbirdən sonra sualları cavablandırıb.

  • Qara Qarayev artıq milli komandadan tamamilə vidalaşıb?
  • Xeyr, Azərbaycan yığması ilə vidalaşmamışam. Fikirləşirəm ki, karyeramın ən yaxşı vaxtlarıdır, lakin mən millidə yoxam. Ən azından bunun üzüntüsünü yaşayıram.
  • Qurban Qurbanov “Qarabağ”dan ayrılmağınla bağlı istəyini necə qarşıladı və sənə nə məsləhət verdi?
  • Qurban müəllimlə çalışarkən ondan bir sıra məqamları öyrənmişəm. Yəni bəzi məsələlər öz aramızda qalsa, daha yaxşı olar. Biz media üçün işləmirik. Haqqımızda elə sözlər yazılır ki…Sosial şəbəkə üçün yaşamırıq. “Qarabağ”dan ayrılarkən Qurban müəllimlə qucaqlaşdıq, bir-birimizə uğurlar arzuladıq. Bunu müsahibələr zamanı deməyi özümə rəvac bilmirəm. Qurban müəllim də, mən də necə ayrıldığımızı yaxşı bilirik. Bəzi media qurumlarının vəziyyəti alovlandırmaqla bağlı istəyi ola bilər, amma biz hər şeyi qaydasına qoyduq. Artıq hər şey bitdi.
  • Yenidən milliyə qayıtmaq ehtimalın necə dəyərləndirilir?
  • İnşallah. Mən yalnız onun üçün çalışıram. Bütün konfliktləri başımdan atmışam. Sadəcə işimə fokuslanmışam. Milli komanda bizimdir. Orada olmamağım gələcək nəsillər üçün də xəyanət hesab oluna bilər. Çünki orada qazandıqlarımızı sonrakı nəsilə, futbolçulara ötürəcəyik. Bu səbəbdən də, orada olmalıyam və bunun üçün çalışmağa davam edəcəm.
  • “Qarabağ”dan ayrılarkən “köhlən atlar”ın etdiyi paylaşım səndə inciklik yaratmadı?
  • Daha fərqli paylaşım gözləyirdim, amma yenə də heç bir problem yoxdur. Bəzi məsələlər insanı daha möhkəm edir. Bundan sonra heç bir şey təəccüblü gəlməz. “Qarabağ”la bağlılığımız heç vaxt adi formada olmayıb. Fərqli vida paylaşımı gözləyirdim. Ömür o qədər də uzun deyil. Qısa zamana 18 il sığdırmaq, məncə, böyük uğur sayıla bilər. “Qarabağ”da olarkən boş dayanmamışam, hər zaman çalışmışam. İstəmişəm ki, qazanılan uğurlarda mənim də payım olsun.
  • “Neftçi”də durumlar necədir? Artıq “ağ-qaralar”a öyrəşmisən?
  • “Qarabağ”dan ayrılığımı çoxdan unutmuşam. Ayrılıqlar mənim üçün yaddaqalan deyil. Keçmişlə bağlı heç nə düşünmürəm. “Neftçi”də yeni gələcək qurulur. Adrian Mutu buraya baş məşqçi təyin edilib. Kluba yeni futbolçular qoşulub. Qarşıda yaxşı işlər bizi gözləyir. Klub rəhbərliyi və komanda yoldaşlarım məni ailələrindən biri kimi qarşıladılar. “Neftçi” azarkeşlərinə təşəkkür edirəm. Onlar mənim gəlişimi müsbət mənada fərqli cür qarşıladılar. Məhz bunlar buraya öyrəşməyimi sürətləndirdi. “Neftçi”də gələcək vəd edən işlər artıq start götürüb.
    İstəyirəm ki, mənim də burada payım olsun.
  • “Neftçi”yə qoşulmağında Emin Mahmudovun da müəyyən təsiri olub. Ondan soruşmadın ki, bəs, nə üçün həmin təkidi Azərbaycan millisində Canni de Byaziyə də qarşı etmədin?
  • Eminlə birlikdə çox arzularımız olub. Arzularımızın bir qismi reallaşıb. De Byazidən əvvəlki məşqçilərin dönəmində də demişəm ki, Eminlə yığmada birgə oynadığımız dövrlər də daha yaxşı çıxış etmişik. Onunla orada qovuşmuşduq ki, bizi ayırdılar.
  • Qara, sən Eminin “Qarabağ”a keçidi üçün cəhd etmişdin? Onun da adı bir müddət Ağdam təmsilçisi ilə hallanırdı…
  • Xırda cəhd etmişdim, amma perspektiv görmədim deyə yox, sadəcə maraqlar üst-üstə gəlmədiyi üçün geri çəkildim. Mənim üçün qardaşım Eminin də, “Qarabağ”ın da dəyərləri ortaq olmalı idi. O, Rusiyadan Azərbaycana gələrkən millinin düşərgəsində mənimlə birgə qalırdı. Xarici ölkədən gəldiyi üçün uyğunlaşma mərhələsində çətinliklər yaşayırdı. Onunla Moldovada çəkdirdiyimiz foto da var. Daha səmimi olduq.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button