Qara Qarayev: “Ona “ağ ölüm” deyirlər”
Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Qara Qarayev insanları narkomaniyaya qarşı mübarizəyə çağırıb.
Komanda.az xəbər verir ki, bununla bağlı o, özünün “feysbuk” hesabında yazıb:
“Ona “ağ ölüm” deyirlər. Minlərlə insanın taleyini qaraya boyayan narkotiklərə qarşı mübarizə hər birimizin məsuliyyətidir. Düşüncəli, ayıq, savadlı cavanlar artdıqca, narkotiklərdə təsəlli və “xilas” axtaranların sayı azalar. Gəlin, gələcəyimizi birlikdə düşünək. Bunun üçün cəmiyyətimizin hər bir üzvünü narkomaniya bəlasına qarşı mübarizəyə səsləyirəm. Bu mübarizədə fəal olaq, sağlam, işıqlı gələcək naminə bu işə laqeyd yanaşmayaq”.
Qarayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Gənclər və İdman Nazirliyinin müştərək layihəsində iştirak etməkdən qürur duyduğunu yazıb:
“Əminəm ki, Lənkəranda keçirilən maraqlı, maarifləndirici təlimlər, idman yarışları sağlam həyat tərzinin təbliğatı işinə öz töhfəsini verəcək. Bu hərəkata dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm”.
Bizi Facebook-da izləyin