Qapıçısını 8 milyona satdı, yeni qolkiper üçün 8 milyon ödədi

Öz qapıçısı Yan Zommeri “Bayern”ə satan Mönhenqladbax “Borussiya”sı heyətinə yeni qapıçı cəlb edib.

Komanda.az xəbər verir ki, sözügedən klub Fransanın “Monpelye” komandasından Yonas Omlini transfer edib.

İsveçrədən olan 29 yaşlı qolkiperlə 2027-ci ilin 30 iyununa qədər müqavilə imzalanıb. Mönhenqladbax klubu yeni qapıçısı üçün 8 milyon avro ödəyib.

Omlin 2020-ci ildən “Monpelye”də çıxış edirdi. O, Fransa komandasında 74 oyun keçirib. İsveçrə milli komandasında 4 oyuna çıxmış qapıçı, “Monpelye”dən öncə “Bazel”, “Le Mont”, “Krins” və “Lutsern” kimi klubların da formasını geyinib.

“Borussiya” yarımmüdafiəçisi Rokko Raytsı isə “Sent-Trüden”ə icarəyə verib. Almaniyadan olan 20 yaşlı futbolçunun bu mövsümün sonuna kimi Belçika təmsilçisində oynayacağı diqqətə çatdırılıb. Rokko Rayts “Borussiya”nın öz yetirməsidir. O, bu klubun əsas komandasında 4 oyun keçirib. Gənc yarımmüdafiəçi ötən mövsüm də “Sent-Trüden”də icarədə olub.

Xatırladaq ki, “Borussiya” Omlini Zommerin ayrılığından sonra transfer etmək məcburiyyətində qalıb. 35 yaşlı qolkiper “Bayern”lə 2025-ci ilin 30 iyununa kimi müqavilə bağlayıb. “Bayern” bu transferə görə “Borussiya”ya 8 milyon avro təzminat ödəyib. Zommer 2014-cü ildən “Borussiya”da forma geyinirdi. Təcrübəli qolkiper Mönhenqladbax təmsilçisində 335 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button