Qalstuklu adamların simaları
Rəşad Ergün
Hər dəfə AFFA-da konfrans, iclas olanda özümdən asılı olmayaraq inanıram ki, bizdə də futbol var. AÇ-2020-nin seçmə mərhələsində xorvatların “ağzımıza atdığı” 1 xal da yaddan çıxır. Futbol adına bütün fəlakətlərimizi, faciələrimizi, rüsvayçılıqlarımızı unuduram. AFFA-nın işıqlı konfrans zalından şəkilləri çəkilən şux geyinmiş, boyunlarına və ağızlarından tökülən sözlərə qalstuk geyindirmiş adamlara fokuslanıram.
Məşqçi, futbol funksioneri kimi bir zada dərman olmamış, 80 yaşlı Kazbek Tuayevin fotolardan görünən simasına baxıram – ona yenə güvəniblər! O, yenə AFFA İcraiyyə Komitəsinin üzvü seçilib! Ciddi-ciddi baxır. Sanki Azərbaycan futbolunun başına daş salanlardan biri o olmayıb. Sanki 150 il yaşayacaq və ömrünün sonuna kimi Elxan Məmmədovun idarə etdiyi AFFA-nın İcraiyyə Komitəsinin üzvü olacaq. 80 yaş… Görəsən, Tuayev nə ilə bəslənir? Bəlkə, Azərbaycan futbolunun göz yaşlarını su kimi içir, uğursuzluqlarını yemək kimi yeyir? Səlahiyyət sahibi olduğun futbolun ağrısını-acısını görürsənsə, ürəyin niyə partlamasın, niyə 80 il yaşayasan ki?
Məşqçi kimi Azərbaycan millisinin “sükanı arxasında” 4-5 dəfə “kruq” edib, hər dəfəsində dağa-daşa çırpılan, amma hər dəfə də sağ-salamat qalan Vaqif Sadıqovun şəkillərdən görünən düşüncəli simasına baxıram. Nə düşünür? “Biz çalışırıq ki…” deyə-deyə, AFFA rəhbərliyinin sevimlisinə çevrildi, vəzifə pillələrində durmadan irəli gedir. Dayanmayacaq da, dayanana oxşamır. Bu ölkədə hər zaman belə olub, çoxluq cəfa çəkər, bir ovuc adam səfa sürər. Vaqif Sadıqov da Azərbaycan futbolunun səfa sürənlərindən olub həmişə.
Xarici işlər naziri kimi əsas vəzifəsi Qarabağ münaqişəsi olan Elmar Məmmədyarovun şəkillərdən görünən təbəssümlü simasına baxıram. Nə işi var bu adamın AFFA İcraiyyə Komitəsində? Nə məqsədlə futbola “pərçim edilib”? Futbol da, Elmar Məmmədyarovun özü də qurban olsun Qarabağa, onun işi Qarabağ problemini həll etmək deyilmi? Yoxsa slovakiyalı keçmiş futbolçu Ladislav Yurkemikin ələ salıb, turistə bənzətdiyi azərbaycanlı futbolçuların milli komandayla xaricə turist kimi səfərlərində viza məsələlərini Məmmədyarov şəxsən özü həll edir?
Elxan Məmmədovun daim gülümsəyən sifətinə baxıram fotolarda. Hər qoltuğunda bir vəzifəsi var. Sağda baş katib, solda icraçı vitse-prezident vəzifəsi. Azərbaycan milli komandasının səviyyəsi aşağı düşdükcə, seçmə mərhələlərdə topladığı xalların sayı azaldıqca, Məmmədovun səlahiyyət dairəsi genişlənir, genişlənir… Özü yeni vəzifə yaradır, özü özünü ora təyin edir. Başını Azərbaycan futbolunun leşi üzərindən qaldırıb, nəfəsini dərəndə, mətbuatda onu tənqid edənləri təhdid də edir. Deyir ki, məni tənqid edən jurnalistlər milli komandanın səfər oyunlarına aparılmayacaq. Düz deyir, Azərbaycanın futbol üzrə milli komandası Elxan Məmmədova ulu babalarından miras qalıb. Məgər bu ölkədə hansısa sahəyə milçək kimi yapışan hər məmur o sahəni babasından miras qalıbmış kimi istismar etmir? Onların Elxan Məmmədovdan nəyi artıqdır?
Baxıram, AFFA-nın konfransından, İcraiyyə Komitəsinin iclaslarından çəkilən fotolara baxıram. Boynuna da, sözə də qalstuk keçirən adamların simalarına baxıram. Baxıram və… heç nə görmürəm.
Bizi Facebook-da izləyin