“Qalib gəldik, ancaq…” – Valverde
“Barselona”nın baş məşqçisi Ernesto Valverde, İspaniya kubokunun yarımfinal mərhələsində “Real”ı məğlub etdikləri cavab matçından sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Valverde, üç cavabsız qolla qalib gəldikləri görüşü belə şərh edib:
“Real” ilk hissədə bizdən üstün idi. Topu təhlükəli yerlərdə itirirdik, bu səbəbdən də qollar buraxa bilərdik. Bizim üçün pis keçən bir oyun oldu.
Üç qolla qalib gəldik, ancaq qol imkanlarımız az oldu. Bundan əvvəlki oyunlarda tam əksinə idi. Daha çox qol epizoduna girən tərəf biz olurduq. Futbol belədir. Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Lion”un qapısına 25 zərbə endirdik, ancaq biri də “çərçivə”yə düşmədi.
Həftəsonu da “Real”la oyunumuz var. Bu matçı da qazanmaq və xal fərqini artırmaq istəyirik. İspaniya La Liqası ən çox qazanmaq istədiyimiz turnirdir.
Luis Suares həmişə təhlükəli hücumçu olub. Qola acdır və qəzəbli olur. Bu gün də qol vurmaq istəyirdi, çox çalışdı və istədiyinə nail oldu”.
İspaniya kubokunun yarımfinal mərhələsində öz meydanında “Real”la 1:1 hesablı heç-heçə edən “Barselona”, səfərdə rəqibini 3:0 hesabıyla məğlub edərək, finala vəsiqə qazanıb.
Bizi Facebook-da izləyin