Fatih Terim: “Kimsə bizə belə davrana bilməz”
“Qalatasaray”ın baş məşqçisi Fatih Terim “Olimpiakos”la yoxlama oyunu üçün getdikləri Yunanıstanda qarşılaşdıqları problemlə bağlı fikirlərini bildirib.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Terim, məsələ ilə bağlı bunları deyib:
“Türkün qonaqpərvərliyi heç kimdə yoxdur. Kimsə bizə belə davrana bilməz. Bu, xoş bir şey deyil. Biz bunlara boyun əyəcək insanlar deyilik. Başda prezidentimiz olmaqla, bizi qoruyan hər kəsə təşəkkür edirəm”.
“Qalatasaray” klubu növbəti mövsümə hazırlıq çərçivəsində “Olimpiakos”la yoxlama oyunu keçirmək üçün dünən Yunanıstana yollanıb. İstanbul təmsilçisi Afina hava limanında gözlənilməz davranışla üzləşib. Belə ki, “Qalatasaray” kollektivinin koronavirus pandemiyası ilə əlaqədar PCR testləri yunanlar tərəfindən qəbul olunmayıb. Onlar bütün kollektivdən yeni testlər götürəcəklərini bəyan ediblər. Təxminən iki saat sürən müzakirələrdən sonra müsbət nəticə əldə edə bilməyəcəklərini başa düşən “Qalatasaray” rəhbərliyi İstanbula dönməyə qərar verib.
Bizi Facebook-da izləyin