
“Qalatasaray”dan bir gündə 4 transfer
Türkiyə çempionu “Qalatasaray” Avropada transfer pəncərəsinin son günündə 4 yeni futbolçu ilə gücləndiyini rəsmən açıqlayıb.
Komanda.az xəbər verir ki, İstanbul klubu Radamel Falkao, Florin Andone, Mario Lemina və Taylan Antalyalını heyətinə qatıb. Bu barədə “sarı-qırmızılar”ın rəsmi saytı məlumat yayıb.
Fransanın “Monako” klubunun hücumçusu Radamel Falkao transfer hüququ ilə birgə alınıb. 33 yaşlı kolumbiyalı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Kolumbiya millisinin sabiq üzvü bu 3 mövsüm ərzində “Qalatasaray”da 5 milyon avro qazanacaq.

Andone İngiltərənin “Brayton” klubundan 1 illik icarəyə götürülüb.
Rumıniya yığmasının da şərəfini qoruyan 26 yaşlı hücumçu bu müddət ərzində 2,5 milyon avro gəlir əldə edəcək. “Brayton”a isə 700 min avro icarə haqqı ödəniləcək.

Lemina da İngiltərənin digər təmsilçisi “Sauthempton”dan 1 illik icarəyə götürülüb. Qabon yığmasının 26 yaşlı yarımmüdafiəçisi yeni komandasında 1 il ərzində 2 milyon avro qazanacaq. Onun klubuna isə 1 milyon avro icarə haqqı ödəniləcək. “Qalatasaray” mövsümün sonunda onun çıxışından razı qalsa, 16 milyon avro ödəməklə, transfer hüquqlarını da alacaq.

“Bucaspor”un yetirməsi olan, karyerası ərzində “Gənclərbirliyi”, “Kayseri Ərciyyəspor”, “Hacettepe” və son olaraq “Ərzurumspor” klublarında oynamış Taylan Antalyalı isə “Qalatasaray”la 4 illik müqavilə bağlayıb. 24 yaşlı yarımmüdafiəçi azad agent kimi transfer olunduğuna görə, ona 4 milyon TL imza haqqı ödəniləcək. Futbolçunun mövsümlər üzrə qazancı isə aşağıdakı kimi olacaq:
2019/20: 2 milyon TL
2020/21: 2 milyon 200 min TL
2021/22: 2 milyon 500 min TL
2022/23: 3 milyon TL

Bizi Facebook-da izləyin