“Qalatasaray”da prezident seçkisi ləğv edildi

Türkiyənin “Qalatasaray” klubunda mayın 22-də keçirilməsi nəzərdə tutulan növbədənkənar prezident seçkisi ləğv olunub.

Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Seçkinin təxirə salınmasına koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən sərt karantin rejimi səbəb göstərilib. Seçicilərin problemlə üzləşə biləcəyini nəzərə alan klub seçkilərin yeni vaxtının yaxın günlərdə açıqlanacağını bildirib.

Qeyd edək ki, hələ ötən ilin dekabrında keçirilməli olan prezident seçkisi eyni səbəbdən təxirə salınmışdı.