“Qalatasaray”da prezident – baş məşqçi qarşıdurması
Türkiyənin “Qalatasaray” klubunun prezidenti Mustafa Cengiz yenidən bu posta seçiləcəyi təqdirdə baş məşqçi Fatih Terimlə yola davam etməyəcəklərini açıqlayıb.
Komanda.az xəbər verir ki, 72 yaşlı funksioner bu barədə bu gün təşkil etdiyi mətbuat konfransında məlumat verib:
“İndiki namizədlərin kluba kömək edəcək səviyyədə olmadığını görsəm, namizədliyimi irəli sürəcəyəm. Qalib olacağım təqdirdə Fatih Terim klubda qalmayacaq. Çünki məni özünə düşmən görür. Bəzi dairələrdə haqqımızda fərqli açıqlamalar verib. Zəng edib soruşuram ki, “mənim haqqımda belə danışmısan”. “Səni nəzərdə tutmamışam” deyir. Əslində elə o anda istefa etməliydi, ona o yaraşırdı. Ondan bunu gözləməzdim. Altı gündür hər gün xəstəxanadayam. Aramızda əsəbdən yata bilməyənlər var. Sağ ol, Fatih hoca. Səni ürəkdən təbrik edirəm. Bacardın. Danışdıqların nəticə verir, kimyaterapiyaya yenidən başlamışam”.
Bir neçə ay öncə xəstəxanada yatan, ardıcıl əməliyyatlara məruz qalan Mustafa Cengiz, həmin dövrdə Fatih Terimin bir dəfə onu ziyarət etmədiyini, “Keçmiş olsun” demədiyini bəyan edib: “Oğluma zəng etdin, gözəl sözlər dedin, “onun üçün oynayacağıq” dedin. Onun üçün 8 dəfə uduzduq. Vallah gözləyirdim, heç olmasa bir dəfə yanıma gələrdin. Mən, bu rəhbərlik onun düşmənidirsə, o zaman bu komandada bir işi qalmayıb. Prezidentliyə digər namizədlərə zəng edib, “diqqət edin, pulla gəlin. Cibinizdə pulunuz varsa, gəlin” deyir. Həmin o 4 namizədin “sən kimsən ki, bizə belə deyirsən” deməsi lazım idi.
Terim ciddi xarizmadır. Bu klubun kuboklar qazanmasında ən böyük zəhməti olanlardan biridir. Amam bunu təkbaşına etməyib. Mən burda olduğum müddətdə onunla müqavilənin müddəti artırıla bilməz. Bircə şərtim var. Çıxıb, üzr istəsin. O zaman danışarıq”.
Qeyd edək ki, İstanbul təmsilçisində mayın 22-nə təyin olunan seçkilər təxirə salınıb. Yeni qərara əsasən, seçkilər iyunun 12-də keçiriləcək. Yeni prezident həmin gün müəyyənləşməsə, bir həftə sonra – iyunun 19-da təkrar seçki təyin olunacaq.
Bizi Facebook-da izləyin